×
A
A
A
Sazlamalar

Yanvar faciəsinə aparan yol Qərbi azərbaycanlıların kütləvi deportasiyası ilə başlayıb

Bakı, 18 yanvar, AZƏRTAC

20 Yanvar hadisələri Azərbaycan xalqı üçün yalnız faciə deyil, həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva AZƏRTAC-a açıqlamasında deyib.
Deputat bildirib ki, Yanvar faciəsinə aparan yol Qərbi azərbaycanlıların tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb.
20 Yanvar hadisələri nəticəsində sovet imperiyasının Azərbaycanda bütün dayaqlarını itirdiyini deyən S.Fətəliyeva bu faciənin dünya azərbaycanlıların təşkilatlanmasına səbəb olduğunu qeyd edib: “Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Onun sözlərinə görə, milli maraqlara zidd addımlar atan Azərbaycanın ozamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml qanlı qırğın törətdi. Ümumilikdə hadisələr zamanı respublikada 150 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilib”.
Deputatın sözlərinə görə, xalqımız 20 Yanvar hadisələrindən sonra daha bir gerçəkliyin şahidi oldu. Belə ki, ozamankı hakimiyyət qırğının qarşısını almaq üçün heç bir addım atmadı. Eyni zamanda, insanları küçələrə çıxmağa çağıran, xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirənlər əməllərinə görə məsuliyyət daşıyırlar. 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi isə hakimiyyətə gəldikdən sonra bu mövzunu tamamilə unutdu.
S.Fətəliyeva xatırladıb ki, 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi: “Ulu Öndər cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. O, Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid etdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 1990-cı il 21 noyabr tarixli qərar qəbul etdi. Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra isə Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı”.
Deputat qeyd edib ki, ölkəmizdə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi əbədiləşdirilib, dövlətimiz faciə zamanı zərər çəkmiş insanlara daim qayğı göstərir: “Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adı təsis edilib. Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Ölkə Prezidentinin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlətimizin başçısının 2006-cı il 19 yanvar tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Prezident İlham Əliyevin yanvarın 13-də imzaladığı Fərmana əsasən 20 Yanvar şəhidlərinin ailələrinə verilən Prezident təqaüdünün məbləği 600 manat müəyyənləşib. 20 Yanvar şəhidlərinin uyuduğu Şəhidlər xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb. Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini daim uca tutur”.

20 yanvar 2023-01-18 20:23:00