×
A
A
A
Sazlamalar

Minskdə tədbir: Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmlənməsi yolunda

Minsk, 18 yanvar, AZƏRTAC

Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı “Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmlənməsi yolunda” adlı anım tədbiri keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, 20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin geniş auditoriyaya çatdırılması məqsədilə Belarus Dövlət Universiteti, Minsk Dövlət Dillər Universiteti, İqtisadiyyat Universiteti və Prezident Aparatı yanında İdarəçilik Akademiyasının Beynəlxalq əlaqələr fakültəsinin tələbələrinin iştirak etdiyi “Gələcəyin diplomatiyası” ekspert təşəbbüs qrupu” ilə birgə keçirilən tədbirdə səfir Ülvi Baxşəliyev 20 Yanvar faciəsindən öncə cərəyan edən proseslər, xüsusilə Ermənistanın ölkəmizə qarşı əsasız ərazi iddiaları, azərbaycanlıların öz doğma tarixi torpaqlarından 1987-ci ildə başlamış növbəti kütləvi deportasiyası və Qarabağı Ermənistana birləşdirmək cəhdləri, SSRİ rəhbərliyinin erməni separatizmini dəstəkləyərək gündən-günə artan gərginliyin qarşısını almaq əvəzinə, beynəlxalq hüququn normalarına zidd olaraq Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəmizə Sovet ordusunu yeritdiyi və dinc əhaliyə qarşı qırğın törədildiyi barədə geniş məlumat verib.
Səfir vurğulayıb ki, faciəvi hadisələrdən dərhal sonra Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, bütün baş verənləri beynəlxalq ictimaiyyətə çatdırıb, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb edib. Bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.
Sonra səfir belaruslu tələbələri nəzərə alaraq, müstəqil Azərbaycan, Ermənistan-Azərbaycan münaqişəsi, xüsusilə 44 günlük Vətən müharibəsi öncəsi gedən proseslər, müharibəni doğuran səbəblər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı Qələbəsi, hazırda Qarabağ iqtisadi rayonunda aparılan quruculuq işləri, Azərbaycanın sülh təşəbbüsü, eləcə də son günlər Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların keçirdikləri etiraz aksiyasının səbəbləri və baş verənlərlə bağlı bir çox kütləvi informasiya vasitələrində ermənilərin “blokada” deyərək yaydıqları böhtan və informasiya təxribatlarına dair ətraflı məlumat verib.
Tədbirdə səfirin çıxışında toxunulan mövzularla bağlı tələbələrlə geniş diskussiya olub. Daha sonra səfirliyin foyesində 20 Yanvar faciəsini əks etdirən fotosərgi və nümayiş etdirilən film tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

20 yanvar 2023-01-18 19:30:00