×
A
A
A
Sazlamalar

Cənublu qələm sahiblərinin Qanlı Yanvar fəryadı

Bakı, 18 yanvar, AZƏRTAC

1990-cı ilin yanvarında Bakıda törədilən qanlı hadisələr – günahsız insanların qanına qəltan edilməsi, şəhərin başdan-başa viran qoyulması cənublu soydaşlarımızın dərdlərinin üstünə yeni bir dərd gətirmişdi. Qələm sahibləri bu müdhiş hadisələrə öz münasibətlərini bildirir və bu haqsızlığı qələmlərinin gücü ilə bütün dünyaya bəyan etməyə çalışırdılar.
AZƏRTAC xəbər verir ki, bunu AZƏRTAC-a AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Lətifə Mirzəyeva bildirib. O, cənublu qələm sahiblərinin 20 Yanvarla bağlı yaradıcılıqlarının bəzi məqamlarını diqqətə çatdırıb: “Həsən Məcidzadə Savalan “Əzizlər, yandı ciyərim…” şeirində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən vəhşiliyə və faciəyə görə fəryad qoparır, İsmayıl Məhəmməd Sani Heriz “20 Yanvar” şeirində Azərbaycanın tarixini səhifələyərək bu qanlı hadisələrin kökünün çox dərinlərdə olduğunu vurğulayır, Rövşən isə bu ağrı-acıya ürəyin dözə bilməyib gözlərdən acı yaşın sel kimi axdığını “Ellər ağlasın” şeirində dilə gətirir”.
Alim bildirib ki, 1946-cı ildə şah qoşunlarının Təbrizə hücum edib gənc Azərbaycan Milli Hökumətini darmadağın etməsini, Cənubi Azərbaycanın bütün şəhər, qəsəbə və kəndlərini viran qoymasını, insanların öz evinə getməsinin buraxılış vəsiqəsi olmadan mümkün olmamasını üstündən 44 il keçməsinə baxmayaraq, hələ də unutmayan Əli Tudə “İstiqlal şəhidləri” şeirində tarixin təkrarlandığını yada salır: “Qoca-cavan, qadın-uşaq, xəstə-sağlam bilmədən əhali güllələnir, tanklar meyitlərin üstündən keçərək irəliləyir, şəhərin hər yerinə odlu silahlardan atəşlər yağdırılaraq darmadağın edilir, şəhər viranəyə çevrilirdi. Çıraqları sönmüş evlərin eyvanından asılan qara bayraqlar buz kimi havada yarpaq kimi çırpınırdı. Bakı şəhidlərin dəfni günü daha da məğrurlaşmış, qanı yerdə gölməçə yaratmış şəhidlərə baxdıqca cəsurlaşmışdı”.
Kərim Məşrutəçi Sönməz 20 Yanvar hadisələrinə münasibətini bildirmək üçün şimallı həmkarı Xalq şairi Nəbi Xəzrinin “Həyəcanlı yuxu” şeirindən ustalıqla istifadə edir. O, həmin şeirdə “O güllə açılmadı ki…” sualına “O güllə açıldı” şeiri ilə cavab verir. Azər Mazandərani isə “Bakı şəhidləri” şeirində K.M.Sönməzin səsinə səs verir. “Bu dözülməz dağa sızlayan, ağı deyən, göz yaşlarını ürəyinin qanı ilə birləşdirib bunları qələmə aldığı kağızı al qana boyayan şair günahsız insanların qanını tökən zalım ovçuya ar olsun!” deyir. Şair yüzlərlə şəhid vermiş, darmadağın edilmiş Bakıya arxasız olmadığı, ondan cismən uzaqda olsa da, mənən onun yanında olması ilə təskinlik verir. Bakıda nahaq qan axıdanlara Azərbaycanın şanlı tarixinə nəzər salmağı, Babəki, Tomrisi, Səttarxanı unutmamağı məsləhət görən şair şəhid analarını başlarından qara örpəyi açıb Həcərlər kimi zülmə qarşı döyüşməyə çağırır:

Sizə başsağlığı verməyə bir gün,
Uzaq yollar aşıb gələcəyik biz.
Azərin bu sözü düzgündür, düzgün.
Arxadır Bakıya dar gündə Təbriz.

Bir Vətəni iki yerə parçalayıb övladlarını bir-birindən ayrı salanlara nifrətini göstərmək üçün hamını Bakıya getməyə çağıran Əli Xosrov Korabbası isə “Gedəyin Bakıya…” şeirini qələmə alır.
“Qanlı Yanvar hadisələri Cənub folklorunda da öz əksini tapmışdı. Bütün bunlar göstərir ki, 1990-cı ilin 20 Yanvarında Bakıda törədilən faciənin bədii inikasında Cənubi Azərbaycan ədəbiyyatı Şimalda yaranan ədəbiyyatdan heç də geri qalmamış və bu müdhiş hadisələri o taylı-bu taylı Azərbaycanın milli fəlakəti, dərdi, kədəri kimi qəbul etmişdir. Qələm sahibləri Qanlı 20 Yanvar hadisələri ilə əlaqədar Cənub ellərində hakim olan rəyi, əhval-ruhiyyəni dəqiq dərk etmiş və çox böyük ustalıqla qələmə ala biliblər. Cənubi Azərbaycanın şair və yazıçılarının bu mövzularda qələmə aldıqları əsərlər “Qanlı 20 Yanvar” mövzulu Azərbaycan ədəbiyyatını daha da zənginləşdirib, ona yeni çalarlar gətirib”, - deyə alim bildirib.

20 yanvar 2023-01-18 16:28:00