×
A
A
A
Sazlamalar

Ədəbiyyat İnstitutunda 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunub

Bakı, 18 yanvar, AZƏRTAC

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbiri giriş sözü ilə Ədəbiyyat İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açaraq vurğulayıb ki, Azərbaycan 1991-ci ilin oktyabr ayında müstəqilliyini bərpa etsə də, əslində bu müstəqilliyi 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə qazanıb: “Məhz həmin gecə sovet imperiyası tərəfindən yaradılan saxta sovet vətənpərvərliyi, xalqlar dostluğu ideyası və bolşevik-kommunist ideologiyası məhv oldu. Biz artıq bir şanlı dönəm yaşayırıq. Azərbaycan Vətən müharibəsində Qələbə qazandı. Biz bu qələbələrimizə görə həm 20 Yanvar, həm də Birinci Qarabağ savaşında mübarizə aparan şəhidlərimizə borcluyuq”.
Sonra Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Lətifə Mirzəyeva “Cənublu qələm sahiblərinin qanlı 20 Yanvar fəryadı” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə institutun alimlərindən Qəzənfər Paşayev, İmamverdi Həmidov, Fəridə Əzizova, Əlizadə Əsgərli, Vaqif Yusifli, Tahirə Məmməd, Aslan Salmansoy, Asif Rüstəmli və Gülnar Qəmbərli də 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüblər.

20 yanvar 2023-01-18 15:29:00