×
A
A
A
Sazlamalar

Otuz üç il keçsə də, törədilən vəhşilik öz tarixi mahiyyətini itirmir

Bakı, 18 yanvar, AZƏRTAC
1828-ci ildən başlayıb 1948–1989-cu illərdə başa çatan “Türksüz Ermənistan” siyasəti sayəsində indiki Ermənistan ərazisində 605-dən çox kənd azərbaycanlılarsız qaldı. 1,5 milyondan çox azərbaycanlı öz doğma ocağından qaçmalı oldu, 500 mindən çox günahsız və silahsız soydaşımız qətlə yetirildi.
Bunu AZƏRTAC-a açıqlamasında UNESCO Beynəlxalq Müəllimlər Forumunun üzvü, “Qızıl Qələm” mükafatçısı Aidə Bəndəliyeva söyləyib. O bildirib ki, Xankəndidən Ağbabaya, Qazaxdan Göyçəyədək Azərbaycanın 40 min kvadratkilometr ərazisi erməni qəsbkarları tərəfindən zəbt edildi. Yüz minlərlə soydaşımız Qərbi Azərbaycan və Qarabağ ərazilərindən qovularaq, qaçqın, köçkün vəziyyətinə düşdülər. 1988-ci ilin soyuq dekabrının birinci ongünlüyündə Ermənistan ərazisində yaşayan 182 min azərbaycanlı, 18 min kürd və min nəfər rus zorla daimi yaşayış yerlərindən deportasiyaya məruz qalıb.
Ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərdən söz açan A.Bəndəliyeva deyib: “Ermənistan hökuməti tərəfindən həyata keçirilən deportasiya əməliyyatı zamanı 216 azərbaycanlı qətlə yetirilib, o cümlədən iki nəfərin diri-diri başı kəsilib, 11 nəfər diri halda, iki nəfər isə öldürüldükdən sonra yandırılıb, bir nəfər asılıb, üç nəfər doğranıb, 29 nəfər maşın təkərləri altında qoyulub, 41 nəfər döyülərək öldürülüb, 49 nəfər dağlarda donub, bir nəfər elektrik cərəyanına qoşularaq öldürülüb, bir nəfər özünü öldürüb, 10 nəfər infarktdan ölüb, 8 nəfər itkin düşüb. Öldürülənlərin 57-si qadın, 23-ü uşaqdır. XX əsrin əvvəllərində 1905-ci ildən başlayaraq davam edən bu qanlı cinayətlər azğınlaşmış düşməni əsrin sonlarında 1990-cı il 20 Yanvar qırğınına qədər gətirib çıxardı. Uzun illər sovet rəhbərliyi tərəfindən hər zaman dəstəklənən ermənilərin respublikamıza qarşı növbəti dəfə qaldırdıqları ərazi iddialarına etiraz olaraq, Bakıda ayağa qalxan günahsız, əliyalın azərbaycanlıların üzərinə sovet ordusunun silahlı qüvvələri yeriyərək, yanvarın 19-dan 20-nə keçən gecə insanların qanını axıtmaqla tarixi ağır cinayət törətdilər. Bu tarixi cinayət həm də rus imperiyasının Azərbaycanda oyanmış milli-azadlıq hərəkatının qarşısının alınmasına hesablanmış bir həmlə idi. Bu yolla imperiyanın cəza mexanizminin planı baş tutsa da, bu, müvəqqəti oldu. Azərbaycan xalqının meydanlara axışması, tankların önündə sinələrini sipər etməsi, şovinistlərə xalqın qətiyyətinin, iradəsinin sınmadığını sübut etdi. Bu cinayət, əksinə, xalqın qəzəbini daha da alovlandırdı. Bu çətin vaxtlarda, Azərbaycan xalqının xilaskarı, Ümummilli Liderimiz Heydər Əliyev o zaman baş vermiş bu qanlı cinayətə etiraz olaraq, Moskvada öz haqq səsini ucaltdı, ağır günlərdə xalqının yanında oldu, onun dərdinə şərik çıxdı. Ulu Öndər özünün və ailə üzvlərinin həyatını təhlükə altına qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, faciəni törədənləri, şəxsən Mixail Qorbaçovu kəskin tənqid etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını imperiyanın paytaxtının özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi”.
“33 il keçsə də, törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi noyabrın 8-də Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulması, şanlı Qələbə ilə başa çatdı. Bu tarixi Zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alındı. Bu gün dünya dövlətləri də görür ki, xalq bu faciəni həm də qürur tarixi bilir. Xalqın şəhidlikdən keçən mübarizəsi dövlət müstəqilliyinin bərpasının siyasi qarantı oldu. Dövlətimizin artan qüdrəti nəticəsində 20 Yanvar hadisəsini biz hüzn deyil, milli qürur günü kimi qeyd edirik. Bu gün yaşadığımız bu qürur hissi, qazandığımız böyük Qələbə xalqımızın tarixi yurd yerlərinə qayıdışına ümidlərini daha da gücləndirir”, - deyə Aidə Bəndəliyeva bildirib.

Elm və təhsil 2023-01-18 14:53:00