×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsində xalqın sovet ordusuna sinə gərməsi: müstəqilliyin bərpasında dönüş nöqtəsi

Bakı, 18 yanvar, AZƏRTAC

Artıq bir neçə gündən sonra 20 Yanvar faciəsinin 33-cü ildönümüdür. Otuz üç il öncə qanlı sovet imperiyasının təpədən-dırnağa qədər silahlanmış ordusunun önünə əliyalın çıxan Azərbaycan xalqı növbəti qəhrəmanlıq dastanını yazdı. Bütün dünya xalqımızın öz azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mətnliklə mübarizə apardığının şahidi oldu.
Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov AZƏRTAC-a açıqlamasında deyib.
Onun sözlərinə görə, 1990-cı ilin yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verdi. Nəticədə 250 min azərbaycanlı qaçqın düşdü. Bu hadisəyə, o cümlədən Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə Azərbaycan xalqının etirazı 1990-cı ilin yanvarında Sovet qoşunlarının ölkəmizə yeridilməsi, Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında kütləvi qırğınlarla nəticələndi.
“Həmin vaxt sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı silahlı hücumu, dinc əhalinin kütləvi surətdə vəhşicəsinə gülləbaran edilməsi xalqın iradəsini qırmaq, ona əzəli torpaqları olan Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və Qarabağın Ermənistana birləşdirilməsini qəbul etdirmək məqsədi daşıyırdı. Lakin bu, əks-effekt verdi. 20 Yanvar faciəsi xalqımızın gözünü qorxutmadı. Əksinə bu faciə xalqı daha da mətinləşdirdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edirdi. Bu, əslində sovet imperiyasının nəhəngliyi mifinin darmadağın olması idi”, - deyə deputat vurğulayıb.
Vüqar İskəndərov deyib ki, həmin günlər Azərbaycan xalqının yanında olan Heydər Əliyev bununla xalqımıza əlavə ruh verdi: “Faciədən dərhal sonra, 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. Dahi şəxsiyyət həmin gün oradakı çıxışında SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi və həmin əməliyyata rəhbərlik edənləri ifşa etdi. Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirdi. Ulu Öndərin bu qətiyyətindən güc alan Azərbaycan xalqı öncə dövlət müstəqilliyini əldə etdi. Yəni, məhz 20 Yanvar faciəsində xalqın sovet imperiyasına sinə gərməsi dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. Onu da deyim ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə heç zaman barışmadı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər ilə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı. Yəni, 44 günlük Vətən müharibəsində həm 20 Yanvar, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qisası alındı”.
Deputat əlavə edib ki, tarixi Zəfər özü ilə yeni reallıqlar yaradıb. Məhz həmin reallıqlar fonunda bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir, artıq Zəngilanın Ağalı kəndi ilə Böyük Qayıdış başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək. Eyni zamanda, azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə də qayıdacaqlar.

20 yanvar 2023-01-18 10:24:00