×
A
A
A
Sazlamalar

Rotterdamda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Rotterdam, 18 yanvar, AZƏRTAC

Niderland Krallığının Rotterdam şəhərində 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) üzvləri “Qarabağ” idman klubunun Rotterdamdakı ofisində 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad ediblər. Tədbir iştirakçıları Qanlı Yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.
BAK-ın sədri Elsevər Məmmədov çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayət törədildiyini deyib. Bildirib ki, Mixail Qorbaçovun rəhbərliyi altında Sovet ordusu Bakıda qətliam törədib – Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən dinc əhalini susdurmaq üçün yüzlərlə sakini gülləbaran edib. E.Məmmədov 20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi vurğulayıb.
Anım tədbirində iştirak edən soydaşlarımız həmin gecə baş vermiş hadisələrlə bağlı xatirələrini bölüşüblər. Dinc Bakı sakinlərinin üzərinə tank və silahlar yönəldən Sovet qoşununun qəddarlığından, Sovet İttifaqının dağılmasından, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasından və bunu dünyaya bəyan etməsindən danışıblar.
BAK-ın sədr müavini Sima Cəfərova, Cənubi Azərbaycan üzrə nümayəndə Araz Ataxan çıxışlarında 20 Yanvar hadisəsinin xalqımızın qan yaddaşı olduğunu vurğulayıb, Azərbaycanın müstəqilliyini bərpa etməsinin cənublu soydaşlarımız tərəfindən də böyük sevinclə qarşılandığını bildiriblər.
Azərbaycan icmasının üzvləri Zərifə Süleymanova, Oqtay Tatlızadə, Əli Toptas çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycanın istiqlal yolunun davamı olduğunu, tarixə qanlı hərflərlə əbədi həkk olunduğunu diqqətə çatdırıblar.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri

Rotterdam

20 yanvar 2023-01-18 07:25:00