×
A
A
A
Sazlamalar

Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinə həsr edilmiş elmi konfrans

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “20 Yanvar faciəsinin siyasi səbəbləri və nəticəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib.
Tədbirdə DİA-nın rektoru akademik Urxan Ələkbərov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdiyi qanlı hadisələrdən danışıb. Qeyd olunub ki, 20 Yanvarda Azərbaycan xalqına qarşı törədilmiş cinayət, həm də bütün bəşəriyyətə, insanlığa qarşı həyata keçirilib.
U.Ələkbərov vurğulayıb ki, faciənin ertəsi günü Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək qanlı faciəni törədənlərə qarşı kəskin etirazını bildirib, günahkarların cəzalandırılmasını qətiyyətlə tələb edib.
Ümummilli Liderin təşəbbüsü ilə 20 Yanvara hüquqi-siyasi qiymət verildiyini xatırladan rektor həmin qanlı hadisənin heç zaman yaddan çıxmayacağını söyləyib. Akademik Urxan Ələkbərov 20 Yanvar faciəsinin tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsi olduğunu deyib.
Rektor Azərbaycan Prezidenti İlham Əliyevin 20 Yanvar şəhidlərinin ailələrinin sosial məsələlərinin həllinə daim xüsusi diqqət göstərdiyini bildirib.
Konfransda DİA-nın Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru Elçin Əhmədov, Tarix kafedrasının müdiri dosent Firdovsiyə Əhmədova, Hüquq kafedrasının dosenti Rahib Əkbərov 20 Yanvar hadisələrinin səbəblərindən bəhs edib, şəhidlərin xatirəsinin daim uca tutulacağını vurğulayıblar.

Elm və təhsil 2023-01-17 15:29:00