×
A
A
A
Sazlamalar

20 Yanvar Azərbaycan xalqının müstəqilliyinin bərpası yolunda qanla yazılmış tarixdir

Bakı, 16 yanvar, AZƏRTAC

Bu gün dünyamızda baş verən qlobal siyasi-iqtisadi hadisələr fonunda ölkəmizin yeni dövrdə dayanıqlı və davamlı inkişafını təmin etmək məqsədilə 1990-cı illərdə özünün siyasi müstəqilliyini əldə etmiş müasir, demokratik Azərbaycan Respublikasının tarixinə nəzər yetirməli və respublikamızın tarixinin yazılmasında iştirakı olmuş görkəmli şəxsiyyətlərin, siyasi xadimlərin əvəzsiz rolunu heç vaxt unutmamalıyıq. Prezident İlham Əliyev 2022-ci il, sentyabrın 29-da imzaladığı Sərəncama əsasən, 2023-cü ili “Heydər Əliyev İli” elan etdi. 1988-1990-cı illərdə SSRİ-nin tarixi zərurətdən süquta uğradığı bir zamanda Azərbaycan xalqının müqəddəratı qeyri-müəyyən idi və yalnız təcrübəli, ağıllı, cəsarətli, dövlətinə və millətinə bağlı, eyni zamanda, gələcəyə böyük ümid bəsləyən şəxsiyyətlərin məsələlərə vaxtında müdaxiləsindən asılı idi.
Bu fikirləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev AZƏRTAC –a söyləyib.
Deputat bildirib ki, tarixə nəzər yetirərkən məhz 1990-cı ilin yanvar ayının Azərbaycan xalqının müqəddəratı üçün əhəmiyyətli ay olduğunu bu gün əminliklə deyə bilərik. Totalitar rejimin, mürəkkəb dövrün astanasında xalqımızın birliyini təmin edən, heç nədən qorxmayaraq özünün Azərbaycana bağlılığını bir daha nümayiş etdirən, o zaman Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Ulu Öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına baxmayaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib, Azərbaycan xalqını birliyə səsləyib. Ümummilli Lider oyanmış və öz taleyinə sahib çıxmaqda qərarlı olan xalqımızla bir olmağı könüllü olaraq üzərinə götürüb. Ulu Öndər Sovetlər Birliyinin süquta uğradığını, Kommunist Partiyasının üzərinə götürdüyü öhdəlikləri artıq yerinə yetirə bilmədiyini, nüfuzdan, gözdən düşərək insanlar tərəfindən qəbul olunmadığını cəsarətlə deyərək Azərbaycan xalqının birliyinin təmin olunması və onun gələcək taleyi ilə bağlı vacib məsələləri bir müdrik lider olaraq öz üzərinə götürdüyünü məsuliyyətlə bəyan edib. O zamanlar bu proseslərə qiymət vermək, münasibət bildirmək həddindən artıq qorxulu məsələ idi. Bu cür cəsarətli, məsuliyyətli bir addım atan lider öz əməli ilə xalqı naminə canından belə keçməyə hazır olduğunu nümayiş etdirib.
20 Yanvar hadisəsinin Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda, milli oyanış tarixi olduğunu diqqətə çatdıran deputat deyib: “Dəfələrlə müxtəlif mənbələrdə qeyd olunan və geniş araşdırılan bu tarix illər keçsə də Azərbaycan xalqının dostlarını və düşmənlərini tanıması üçün istinad edə biləcəyi bir tarix olaraq qalacaq. Ölkəmizin ictimai-siyasi həyatına 20 Yanvar faciəsi kimi daxil olmuş bu günün xalqımızın milli yaddaş fəlsəfəsi, milli özünüdərk prosesində özünəməxsus yeri vardır. Tariximizdə bir sıra hadisələr vardır ki, bunlar xalqımızın milli mənlik şüurunda, həmçinin azərbaycançılıq ideologiyası təfəkküründə dərin və əbədi iz qoyub. Azərbaycan xalqı 1990-cı ilin yanvar ayında televiziya ekranlarında öz həmvətənlərinin dəhşətli qəddarlığa məruz qalmasına şahidlik etdi. Ümumilikdə respublikada 147 nəfərin öldürülməsi, 744 nəfərin yaralanması, 841 nəfərin qanunsuz həbs olunması, 200 ev və mənzilin, 80 avtomaşının, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlakların məhv edilməsi ilə nəticələnən Qanlı Yanvar hadisəsi, Azərbaycan xalqına qarşı törədilmiş ən ağır hərbi cinayətlərdən birinə çevrildi. Faciədən sonra Azərbaycanda milli azadlıq hərəkatı dönməz xarakter aldı və xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanın yaranmasında gördü. Baş vermiş bu hadisələrdən sonra dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar”.
O qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının 1991-ci ildə müstəqilliyinin bərpası yolunda qanla yazılmış tarixdir. “Heydər Əliyev İli”nin elan olunduğu 2023-cü ildə tarixə nəzər yetirərkən Ulu Öndərin müasir Azərbaycanın inkişafı naminə əzmkar fəaliyyətini, heç nədən qorxmayaraq vaxtında, şəraitə uyğun ağıllı qərarlar qəbul etdiyini, habelə həmin ağır günlərdə Moskvada cəsarətli çıxışı ilə xalqın birliyinə nail olmasını, beləliklə, 20 Yanvar gününün Azərbaycan xalqının milli oyanışı üçün nə qədər təsirli olduğunu xüsusi qeyd etməmək mümkün deyildir.
“Baş verən hadisələrdən artıq 33 il keçmiş və bu gün fəxarətlə deyə bilərik ki, Azərbaycan xalqı müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən bütün qəhrəman övladlarının qanını yerdə qoymadı. 2020-ci ildə Ümummilli Lider Heydər Əliyevin layiqli və uğurlu davamçısı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruq kimi ətrafında birləşdirdiyi Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizi təmin edərək müstəqilliyimizin əbədi olduğunu bütün dünyaya bir daha bəyan etdi və bu gün də, “Heydər Əliyev İli”ndə biz çoxəsrlik Azərbaycan tarixinin şanlı səhifələrini qürurla yaşamaqdayıq”, - deyə Məzahir Əfəndiyev əlavə edib.

20 yanvar 2023-01-16 17:03:00