×
A
A
A
Sazlamalar

Politoloq: Azərbaycan Prezidenti başqaları üçün qeyri-mümkün görünən hədəfləri reallığa çevirdi

Bakı, 13 yanvar, AZƏRTAC

Səmərəli, informasiya və mənayüklü, ən əsası isə dəqiq ünsiyyət səmərəli və uğurlu lider üçün vacib amil kimi çıxış edir. Şübhəsiz ki, məsuliyyət, əvvəlcədən düşünülmüş birləşmə, dəyər sistemi yaratmaq və idarə etmək kimi bacarıqlara malik olmaqla yanaşı, ən əsası isə liderlər məhz inandırıcı, ünsiyyətcil olmalı, böyük bir kütləni öz dediyinə inandırmağı bacarmalıdırlar. O da danılmaz faktdır ki, bu amillərin özü liderlik taksonomiyasının konstruksiyalarını ölçən strukturlaşdırılmış əsaslar kimi dövlət və ordu başçısı statusunda öz həyati əhəmiyyətini daha da artmış olur.
Bu baxımdandır ki, çıxışlarında “Mən öz xalqımdan heç nəyi gizlətmirəm, hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir” deyən, xalqımızın əsrlər sonra da hər zaman qürur və fəxarətlə Müzəffər Ali Baş Komandan adlandıracağı İlham Əliyev vəziyyət və şərtlər necə olursa olsun, bizim informasiya qıtlığında itməyimizin, ya da yanlış yollara sürüklənərək hədəfə bir az gec çatmağımızın qarşısını məhz xalqla birbaşa təmaslara keçərək alır. Prezident İlham Əliyev başqaları üçün qeyri-mümkün kimi görünən hədəfləri reallığımıza çevirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.
O qeyd edib ki, liderlik anlayışı müxtəlif kontekstlərdə şəxsiyyət üzərində düşünməklə və bunu liderlik aktları ilə birləşdirərək özünü inkişaf etdirmək üçün lazım olan nizam-intizamı səfərbər etmək bacarığıdır. Dünyanın mövcud siyasi durumunda belə liderlərin sayı çoxdur. Məsələnin bu yerində düşünmədən keçmək olmur ki, bütün bunların fonunda lider üçün əsas məsələ söylədiyi sözlərə, verdiyi vədlərə inandırmazdan əvvəl özünün inanması, özündən əmin olmasıdır. Həm də məhz bu səbəbdəndir ki, "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!" deyən bir Lider “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" sözlərini doğruldur. Elmi baxımdan da sübut olunur ki, liderlərin özləri haqqında təsəvvürləri sosial konstruksiyalardır və liderliyin inkişafı liderlər və ardıcıllar arasında qarşılıqlı əlaqə ilə əlaqələndirilir. Odur ki, Azərbaycan xalqı inam, etimad, güvən yerinin ünvanını başından bəri yaxşı tanıyır, indiyə qədər olan zaman kəsiyində də məhz ilk gün keşiyimizdə dayanan dahi bir liderin ardıcılının hər çıxışını qapısının kəndarından böyük bir inamla keçirir.
Politoloq bildirib ki, Prezident İlham Əliyevin yerli və beynəlxalq olmaqla televiziya kanallarına geniş müsahibələri, sistematik və mənalı məlumat mübadiləsi yolu ilə birbaşa ünsiyyəti artıq konvensional xarakter daşıyır. Dövlət başçımızın müsahibəsinin ümumi konteksti və bir neçə aspekti nəzərə alınmaqla detallarına baxdığımız zaman hətta liderlərin nitqlərindəki sətiraltı mesajları oxuma bacarığı olmayan sadə vətəndaş belə ən sadə formada üslubun dəyişməsi ilə ünsiyyətin təsirinin dəyişməsini nəzərə alaraq hədəf, məqsəd və yol xəritəmizin olduqca aydın olduğuna bir daha əmin olur. Müsahibə bir daha sübut etmiş oldu ki, Azərbaycan nəinki regionun aparıcı aktoru və hərəkətverici qüvvəsi, hətta və daha önəmlisi regionumuzda siyasi proseslərə yön verməyə çalışan zərərli qüvvələrin qarşısında sipər, region xalqlarının rifahının təminatçısıdır.
Hərbi rəhbərlikdə rabitənin rolu danılmazdır. Mülki rəhbərlik və ordu idarəçiliyi isə bir-biri ilə bağlı olduğu qədər, həm də ayrıdır. İstər 44 günlük Vətən savaşında, istərsə də indiki məqamda dövlətimizin başçısı xalqla rabitəsini intensiv saxlayır.
“Digər bir yandan dünyanın real mənzərəsi isə göstərir ki, qloballaşma, texnoloji dəyişikliklər, maliyyə balanssızlıqları və fiskal gərginliklərin yaratdığı iqtisadi çağırışlar böyük ölçüdə qarşılanmayıb. Məhz bunlar da dövlətlərin xarici siyasətinə əsaslı şəkildə təsir edir, konvensial əməkdaşlıqlardan çıxaraq yeni müttəfiqlər, strateji əməkdaşlıqlar üzə çıxır.
Azərbaycanın xaricdə güclü olması üçün daxildə güclü olması lazımdır. Dövlətimizin gücünün kritik sütunu onun vətəndaşında, vətəndaşın rifahının təmin edilmə dinamizmində, məhsuldarlığında, siyasi və iqtisadi inkişafında və ən əsası, irəliləyiş və mümkünlüyünə dair verilən vəddədir ki, dövlət başçımız verdiyi vədləri doğruldur”, - deyə Ş.Həsənova əlavə edib.
Pandemiyanın dünyanı böyük depressiyadan bəri ən pis iqtisadi böhrana sürükləməsindən, dünyada dərin bərabərsizlikləri ifşa etməsindən və şiddətləndirməsindən, dövlətlərin xarici siyasətlərində beynəlxalq hüququ, fundamental ali dəyərləri kobudcasına pozmasından, ədalətsizliklə bağlı uzun müddət davam edən gərginliyin qaynamağa başlamasından bəri dövlətlər yeni çağırışlarla üzləşir. Müasir dünyada orta səviyyəli həyat standartını təmin etmək üçün mübarizə aparan dünya əhalisi ilə ölkələrin uzunmüddətli rifahına və orta sinif təhlükəsizliyinə təhdidlər daha geniş prizma tələb edir - daxili iqtisadi və sosial məsələlərin və onların kompleksinin daha dərindən dərk edilməsi zərurəti yaranır, xarici siyasət qərarları ilə qarşılıqlı əlaqə tələb olunur.
“Azərbaycanın xarici siyasətinin daha da gücləndirilməsinə, vətəndaşlarımızın iqtisadi və sosial mobilliyinin artırılmasına yönəlmiş milli siyasət gündəliyi dövlət başçımızın da dünya siyasi tarixini dərin siyasi biliklə təhlil və qeyd etdiyi kimi ölkəmizə dünyanın formalaşması labüd olan yeni nizamına daha yaxşı inteqrasiya etməyi təklif edir. Zaman keçdikcə, proseslər sürətlə dəyişdikcə qəlibdən qurtulan yeni nəsil xarici siyasət mütəxəssislərinin töhfələrini təkidlə tələb edir. Dünyanın aparıcı dövlətlərini milli təhlükəsizlik strateqlərinin və xarici siyasət planlayıcılarının düşüncələrinə diqqətlə nəzər yetirərkən eksplisit və implisit olmaqla, onların daim məhz milli maraqları önə çəkməsinin şahidi oluruq. Aydın görünür ki, Prezident İlham Əliyev bu gün xarici siyasətimizin istiqamətini sadəcə təhlükəsizlik və geosiyasi rəqabət prizmasından müəyyən etmir, həm də ən çətin məqamlarda belə kritik perspektivlərdən məharətlə istifadə edərək qlobal güc mərkəzli həlqənin önəmli bir parçası kimi möhkəmləndirmək istiqamətində qətiyyətli addımlar atır. Dünyanın mövcud siyasi reallıqları sübut edir ki, hərbi baxımdan güclü olmaq kifayət deyil, həm də xarici siyasətdə səliqəli təşkilatlanma bu gün olduqca güclü silahdır. Dövlətimizin başçısı məhz bu güclü silahı hər zaman əlində saxlamaq istəyir”, - deyə politoloq fikirlərini yekunlaşdırıb.

Daxili siyasət 2023-01-13 18:23:45