×
A
A
A
Sazlamalar

Cənubi Qafqazın ən böyük milli parkının qış mənzərəsi göz oxşayır

Bakı, 10 yanvar, AZƏRTAC

Qarlı qış mənzərəsi xüsusi mühafizə olunan təbiət ərazilərində də heyrətamiz görüntülər ortaya çıxarıb. Cənubi Qafqazın ən böyük milli parkı olan Şahdağ Milli Parkının qarlı havanın yaratdığı mənzərəsi insanı xüsusilə valeh edir. Cəlbedici qış görüntülərinə zubrlar və nəcib marallar əlavə gözəllik qatır.
AZƏRTAC xəbər verir ki, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən reintroduksiya layihələri çərçivəsındə 2019-cu ilin mayında ölkəmizə 12 baş zubr gətirildi və Şahdağ Milli Parkının İsmayıllı bölməsində qabaqcadan ayrılmış əraziyə buraxıldı. Adaptasiya ərazisində zubrların qalma müddəti təxminən üç ay nəzərdə tutulur. Üç aydan sonra 300 hektarlıq daha böyük əraziyə, adaptasiyanı uğurla keçdikdən sonra isə parkın İsmayıllı bölməsi üzrə açıq əraziyə buraxılıblar.
Ümumilikdə 2019-2021-ci illər ərzində ölkəmizə 26 baş zubr reintroduksiya olunub, təbii artımla zubrların ümumi sayı 31 başa çatdırılıb. 2022-ci ilin noyabr ayında daha 10 zubrun Azərbaycana gətirilməsi ilə onların ümumi sayı hazırda 41-ə çatıb. Ötən ilin noyabr ayında ölkəyə gətirilən 10 zubr Şahdağ Milli Parkının ərazisində xüsusi ayrılmış sahədə, volyer şəraitində adaptasiya dövrünü keçir.
Həmçinin ötən ilin noyabrından icrasına başlanılan nəcib maralların tarixi məskunlaşma yerlərinə qaytarılması ilə bağlı yeni layihəyə uyğun olaraq ilk marallar noyabrın 11-də Şahdağ Milli Parkının İsmayıllı bölməsinə gətirilib.
Ölkə ərazisində hava şəraitinin dəyişməsi, havaların soyuması və qar yağması ilə əlaqədar olaraq xüsusi mühafizə olunan təbiət ərazilərində otyeyən heyvanların, o cümlədən quşların yemə olan tələbatının ödənilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür. Belə ki, Azərbaycanın milli parklarında, dövlət təbiət qoruqlarında heyvan və quşların, əsasən miqrasiya etdikləri yollara və dağ cığırlarına ot və dənli yem məhsullarının paylanılması təmin edilir.
Xatırladaq ki, Şahdağ Milli Parkı ötən il ölkəmizdə ən çox ziyarət edilən xüsusi mühafizə olunan təbiət əraziləri arasında ilk üçlükdə qərarlaşıb.

Ekologiya 2023-01-10 11:40:00