×
A
A
A
Sazlamalar

Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarına xəbərdarlıq edib

Bakı, 7 yanvar, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun yanvarın 8-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığını nəzərə alaraq hərəkət iştirakçılarına yollarda diqqətli olmağı tövsiyə edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, qarlı və şaxtalı hava şəraitində sürücülərə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur. Sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları, həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri məsləhət görülür.
Sürücülərə tövsiyə edilir ki, sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi bildirilir.

Nəqliyyat 2023-01-07 11:28:00