×
A
A
A
Sazlamalar

Yaşıllıqların qanunsuz kəsilməsinin qarşısının alınması istiqamətində daha əsaslı tədbirlər görülməsinə zərurət var

Bakı, 6 yanvar, AZƏRTAC

Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin inzibati ərazilərində yerləşən və istismara yararsız binaların sökülərək yerində günün tələblərinə cavab verən yeni yaşayış binalarının tikintisi həyata keçirilir. Görülən işlərin təhlili zamanı müəyyən edilib ki, inşaat işləri ilə əlaqədar məhəllədaxili mövcud yaşıllıqların ərazidən kənarlaşdırılması zərurəti yaranır. Qeyd olunan proses mərkəzi hissələrdə yerləşən məhəllədaxili əraziləri əhatə etdiyindən istismar müddəti başa çatmış və bu səbəbdən də sökülməsi nəzərdə tutulmuş binalara vaxtilə yaxın əkilmiş, bioloji inkişaf mərhələsində olan irigövdəli ağacların köçürülməsinə zərurət yaradır.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əksər ağacların iri diametrli olması onların köçürülməsini mümkünsüz edir və ya köçürüldüyü təqdirdə bioloji inkişafının davam edəcəyini şübhə altına alır: "Nazirlər Kabinetinin 2017-ci il 31 mart tarixli, 118 nömrəli Qərarı ilə “Yaşıllıqların bərpası Qaydası”na uyğun olaraq məsələyə yenidən baxılmış və götürülməsi zəruri olan yaşıllıqların həqiqi bərpa dəyəri 4 dəfə artırılıb.
Bundan əlavə, Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın 1 nömrəli əlavəsinə əsasən “fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla ağacların və kolların götürülməsi (kəsilməsi), boy artımının dayandırılması dərəcəsinədək zədələnməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması üçün miqdar müəyyən edilib.
Lakin son dövrlərdə aparılan təhlillər göstərir ki, yaşıllıqların qanunsuz kəsilməsinin qarşısının alınması istiqamətində daha əsaslı tədbirlər görülməsi üçün bu sahədə mövcud olan normativ-hüquqi aktlarda dəyişiklik edilməsinə zərurət var".
Hikmət Əlizadə bildirib ki, yaşıllıqlara dəymiş ziyanın hesablanması zamanı fiziki şəxslərə münasibətdə, vəzifəli və hüquqi şəxslərin məsuliyyətinin dərinləşməsi, eləcə də məhv edilmiş ağacın növünə, kəsildiyi rayon və şəhərə münasibətdə və ekoloji əhəmiyyətlilik baxımından fərqləndirlməsini özündə ehtiva edən layihələr hazırlanır: "Həmin layihələrdə yaşıllığa dəymiş ziyanın məbləğinin 4-5 dəfə artırılması nəzərdə tutulub.
Eyni zamanda həmin layihələrin qəbulundan sonra Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulub".

Ekologiya 2023-01-06 12:41:00