×
A
A
A
Sazlamalar

Yaponiya saytı Azərbaycanın zəngin turizm potensialından yazıb

Tokio, 27 dekabr, AZƏRTAC

Yaponiyanın turizm üzrə ixtisaslaşan “risvel.com” saytı Azərbaycanın qədim və zəngin mədəniyyəti, müasir turizm potensialı barədə məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, yapon dilində “Azərbaycan necə ölkədir?” sərlövhəsi altında dərc edilən məqalədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərliyi ilə nümayəndə heyətinin Yaponiyaya səfəri və bu ölkənin Turizm Agentliyi ilə əməkdaşlıq haqqında imzaladığı memorandum barədə məlumat verilir. Qeyd edilir ki, sənədə əsasən, tərəflər turizm sahəsində informasiya ilə yanaşı, bu sahəyə aid digər məhsulların mübadiləsini də aparacaqlar.
Məqalədə Azərbaycan nümayəndə heyətinin Nara şəhərinə səfəri və burada BMT-nin Ümumdünya Turizm Təşkilatının Qastronomiya Turizmi üzrə 7-ci Dünya Forumunun açılışında iştirak etdiyi də vurğulanıb. Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Tokioda da bir sıra işgüzar görüşlər və KİV üçün təqdimat keçirib.
Yazıda ölkəmizin coğrafi mövqeyi, Bakı şəhərinin qədim və müasir arxitekturası, İpək yolu üzərində yerləşməsi, tarixi abidələri barədə məlumatlara da geniş yer verilib. Bildirilib ki, Azərbaycanda UNESCO-nun həm Dünya İrsi Siyahısına, həm də Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilən çoxsaylı abidələr və mədəniyyət nümunələri var. Yapon oxuculara ölkəmizin zəngin mətbəxi və süfrə mədəniyyəti barədə də məlumat verilib. Azərbaycanda həm yay, həm də qış turizmi üçün əlverişli şəraitin olduğu qeyd edilib.
Cari ilin noyabrında Türkiyə və Azərbaycanın çay mədəniyyətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edildiyi xatırladılıb.
Məqalədə, həmçinin Azərbaycanın qədim dövrlərdən strateji mövqeyi ilə fərqləndiyi, Şərq ilə Qərb arasında ticarət dəhlizinin üzərində yerləşdiyi, burada müxtəlif mədəniyyətlərin nümayəndələrinin dinc qonşuluq şəraitində yaşadığı əksini tapıb. Eyni zamanda, zəngin karbohidrogen ehtiyatlarına malik ölkəmizin dünyanın enerji təchizatında mühüm rol oynadığı vurğulanıb.

 
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Turizm 2022-12-27 08:39:00