×
A
A
A
Sazlamalar

Karateçilərimiz cari ildə mötəbər turnirlərdə 159 medal qazanıblar

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycan Milli Karate Federasiyası (AMKF) 2022-ci ili uğurlu başa vurub. Milli komandanın üzvləri il ərzində yeniyetmə və gənclər, eləcə də böyüklər arasında Avropa və dünya çempionatında, həmçinin V İslam Həmrəyliyi Oyunları və nüfuzlu beynəlxalq turnirlərdə yüksək nəticələr əldə edib.
AMKF-dən AZƏRTAC-a bildiriblər ki, cari ildə qazanılan 159 medaldan 63 qızıl, 37 gümüş, 59 medal isə bürüncdür. İdmançılarımız Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasının rəsmi yarışlarında olan Gənclər Liqasında 2 qızıl, 2 gümüş, 2 bürünc, Seriya A turnirində 1 qızıl, 1 gümüş, 4 bürünc, Premyer Liqada 4 qızıl, 3 gümüş, 5 bürünc, müxtəlif mötəbər beynəlxalq yarışlarda isə 18 qızıl, 7 gümüş və 15 bürünc medal qazanıblar.
Karateçilər, həmçinin yeniyetmə və gənclərin Avropa çempionatında 3 qızıl, 2 bürünc, bu yaş qrupları üzrə dünya çempionatında 2 qızıl və 2 bürünc medala sahib olublar. Böyüklər Avropa çempionatında 1 gümüş, 2 bürünc, eləcə də parakarate üzrə qitə çempionatında 2 qızıl, 1 gümüş, V İslam Həmrəyliyi Oyunlarında isə 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar.
Bundan başqa milli komandanın üzvləri Dünya Şotokan Federasiyasının (WSF) Avropa çempionatında 17 qızıl, 11 gümüş, 18 bürünc, dünya çempionatında isə 13 qızıl, 9 gümüş və 6 bürünc medala sahib olublar. Bütün bu uğurlu nəticələrdən əlavə beynəlxalq hakimlər statuslarını yüksəltməyi bacarıblar. Sentyabrda ilk dəfə keçirilən "Olimpiya ümidləri" uşaqlar arasında beynəlxalq turnir WKF-in rəsmi təqvim planına daxil edilib.
Sentyabrda Bakıda ilk dəfə təşkil edilən Karate1 Premyer Liqa seriyası turniri WKF tərəfindən ilin ən yüksək səviyyəli turniri kimi qiymətləndirilib. Paytaxtımıza növbəti səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşən WKF-in rəhbəri Antonio Espinos ölkəmizdə karatenin yüksək səviyyədə inkişaf etdiyini və dünya karate ailəsində böyük nüfuza malik olduğunu bildirib.

İdman 2022-12-26 14:48:00