×
A
A
A
Sazlamalar

Yaponiya jurnalı Azərbaycan nümayəndə heyətinin səfərindən yazıb

Tokio, 23 dekabr, AZƏRTAC

Yaponiyanın turizm sahəsində tanınmış “Travel Journal” onlayn nəşri Azərbaycan Dövlət Turizm Agentliyinin (DTA) nümayəndə heyətinin bu ölkəyə səfəri barədə məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, yapon dilində “Azərbaycan Yaponiya ilə turizm sahəsində əməkdaşlıq edəcək” başlığı ilə yayılmış məqalədə DTA-nın sədri Fuad Nağıyevin rəhbərliyi ilə nümayəndə heyətinin dekabrın 13-də Yaponiya Turizm Agentliyi ilə imzaladığı memorandum barədə məlumat verilir. Qeyd edilir ki, sənədə əsasən tərəflər yalnız turizm sahəsində informasiya ilə yanaşı, bu sahəyə aid digər məhsulların mübadiləsini də aparacaqlar.
Məlumatda Azərbaycan nümayəndə heyətinin Nara şəhərinə səfəri və burada BMT-nin Ümumdünya Turizm Təşkilatının Qastronomiya Turizmi üzrə 7-ci Dünya Forumunun açılışında iştirak etməsi də əksini tapıb. Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Tokioda da bir sıra işgüzar görüşlər və KİV üçün təqdimat keçirib.
Qeyd edilib ki, Yaponiyadan Azərbaycana səfər edənlərin sayı az olduğu nəzərə alınaraq, təqdimat zamanı ölkəmiz haqda, onun qədim və zəngin tarixi, mədəniyyəti, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş abidələri, mətbəxi və süfrə mədəniyyəti barədə məlumatlara üstünlük verilib. Azərbaycanda həm yay, həm də qış turizmi üçün əlverişli şəraitin olduğu qeyd edilib.
Məlumatda həmçinin Azərbaycanın qədim dövrlərdən strateji mövqeyi ilə fərqləndiyi, Şərq ilə Qərb arasında ticarət dəhlizinin üzərində yerləşdiyi, burada müxtəlif mədəniyyətlərin dinc qonşuluq şəraitində yaşadığı da əksini tapıb. Həmçinin zəngin karbohidrogen ehtiyatlarına malik olan ölkəmizin dünyanın enerji təchizatında mühüm rol oynadığı vurğulanıb.

 

Turizm 2022-12-23 14:12:10