×
A
A
A
Sazlamalar

Nazir müavini: Aviabiletlər münasib qiymətə olarsa Türkiyə-Azərbaycan arasında səyahətlər artacaq

Bakı, 23 dekabr, AZƏRTAC

İl hələ başa çatmayıb amma bu vaxta qədər Azərbaycandan Türkiyəyə gələn turistlərin sayı 500 min nəfəri keçib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan deyib.
O bildirib ki, hədəfimiz qısa zamanda bir milyondan çox azərbaycanlı turistin ölkəmizə səfər etməsidir: “Təbii ki, bu tək tərəfli deyil. Türkiyədən də Azərbaycana gələnlərin sayının artırılması ilə bağlı tədbirləri müzakirə edirik. Bu mənada səyahətin daha rahat və əlçatan olması son dərəcə önəmlidir. Hazırda “Türk Hava Yolları” iki ölkə arasında həftədə 30-a yaxın uçuş həyata keçirir. Bunu da artırmaq önəmlidir. “Pegasus” və “Azərbaycan Hava Yolları”nın da bu istiqamətdə fəaliyyəti var. Sadəcə Bakı deyil, Gəncə və Naxçıvana da uçuşlar həyata keçirilir. Bu reyslərin artırılması, o cümlədən qiymət və rahatlığın daha əlverişli vəziyyətə gətirilməsi iki ölkə arasında səyahətlərin çoxalması üçün olduqca vacibdir. Azərbaycandan Antalya, Bodrum başda olmaqla Türkiyənin tətil bölgələrinə maraq var. Ortaq təbliğat nəticəsində iki ölkə arasında səfər sayının daha da artacağını düşünürəm”.
Nazir müavini qeyd edib ki, 2023-cü ildə Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olması və xüsusən Qarabağ Zəfərindən sonra bu bölgəyə səyahət etmək istəyən Türkiyə vətəndaşlarının sayı olduqca çoxdur. Bu mənada lazım olan şərait yaradılarsa qarşılıqlı səyahətlərin sayına müsbət təsir göstərəcək.

Nəqliyyat 2022-12-23 12:24:00