×
A
A
A
Sazlamalar

Ekstremal xizəkçiliklə məşğul olanlar Şahdağı seçir

Bakı, 21 dekabr, Məmməd Məmmədli, AZƏRTAC

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı münasibətilə “Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil edilib.
AZƏRTAC-ın müxbiri “Şahdağ” Turizm Mərkəzinin ərazisində yerləşən bir neçə hotel və əyləncə növləri ilə tanış olub və öz təəssüratlarını oxucularla bölüşür.
Şahdağın ən yaddaqalan yerlərindən biri 2351 metr yüksəkliyidir. Ora yalnız qondolalarla qalxıb quş uçuşu hündürlüyündən ərazini seyr etmək olar. Ekstremal xizəkçiliklə məşğul olanlar məhz bu yolu seçir, dağdan xizəklə üzüaşağı sürüşürlər. Adrenalin o qədər yüksək olur ki, günəş dağların arxasında gizlənənədək xizəkçilər təkrar-təkrar bu yolun dadını çıxarmaq istəyirlər. Dağın zirvəsində qızınmaq üçün kafedə çay və ya kofe içmək olar.
Ərazidə 4 nəfərlik 2 qondola tipli kanat yolu, 2 buqel tipli və 8 sürətli kanat yolu, həmçinin 5 lentli konveyer daxil olmaqla ümumilikdə 17 kanat yolu var. 449 qar generatoru fasiləsiz olaraq çalışır. Burada, həmçinin xizək mağazası da fəaliyyət göstərir ki, xizək həvəskarları nəinki xizək kirayələyə, həm də münasib qiymətə ala bilər. İdmanın bu növü ilə məşğul olmaq istəyənlər üçün təlim kursları da mövcuddur.
Ərazi geniş olduğundan turistlər hərəkət etmək üçün pulsuz avtobuslardan istifadə edir. Onu da qeyd edək ki, bütün əyləncə növlərinə giriş “Welcome Plaza”dan başlayır. Keçid biletlərini əldə edən turistlər bütün əyləncə növlərindən istifadə edə bilir. Biletlər 34 manatdan başlayaraq günlük, həftəlik və aylıq satılır. Bir günlük gələn qonaqlar üçün isə pulsuz kanat da vardır.
Turun ən maraqlı gəzintisi isə “Shahdag Coaster”dən başlayır. İlk dəfə olaraq, Azərbaycanda “Şahdağ” Turizm Mərkəzində quraşdırılan “Shahdag Coaster” Cənubi Qafqazda analoqu olmayan attraksiondur. Əyləncə attraksionun marşrut uzunluğu 2590 metrdir. Onlardan 290 metr qalxma, 1670 metr isə enmə zolaqları təşkil edir. 2 nəfərlik kirşələr 10 saniyəlik interval ilə tək-tək yürüşə buraxılır. Kirşənin sürəti 42 km/saata qədər yüksələ bilir. Eyni zamanda, kirşələrin əyləc qolları da mövcuddur ki, bu da yürüşü tam nəzarətdə saxlamağa imkan verir. “Shahdag Coaster” hər kəsə uyğun, yaş məhdudiyyəti olmayan, tam təhlükəsiz bir attraksiondur.
Bundan əlavə “Şahdağ” Turizm Mərkəzində qonaqların asudə vaxtlarını xoş və maraqlı keçirmələri üçün istər açıq, istərsə də qapalı məkanlarda müxtəlif əyləncə növləri - zipline, kvadrosikldə gəzinti, iki və dörd nəfərlik kanatlar, peşəkar və yeni öyrənənlər üçün xizək yolları, oyun avtomatları, boulinq zalı, kinoteatr, eləcə də musiqili proqramların keçirilməsi üçün məkanlar mövcuddur.
“Şahdağ” Turizm Mərkəzində müxtəlif kateqoriyalı 5 hotel fəaliyyət göstərir.
Müasir üslublu “Zirve Hotel” səyahət edənlərə yüksək standartlar təklif edir. Bu hotel Şahdağ kurortunu kəşf etmək üçün ideal məkandır. Hotel 40 standart və 3 lüks otaqdan ibarətdir. Qiymətlər 135 manatdan başlayır.
“Zirve Hotel”də yerləşən “Rahat bar” dəbdəbəli atmosferilə nahardan əvvəl və sonra içki içmək üçün ideal məkandır. Qonaqlar “Pirosmani” restoranında ənənəvi gürcü mətbəxilə yanaşı, bol çeşidli, dadlı təamlardan da dada bilər. Dağ havasında gözəl gün keçirdikdən sonra yeni güc toplamaq istəyənlər “Pirosmani”ni seçir.
“Gaya Residences Shahdag” ərazidə ulduzu olmayan yeganə mənzil tipli oteldir. Ancaq belə düşünülməsin ki, bu cəhətinə görə o, digər otellərdən ucuzdur. Hotelin özəlliyi ondadır ki, hər bir nömrədə iki yataq, bir qonaq otağı, bütün avadanlıqla təchiz edilmiş mətbəx və iki eyvan var. “Gaya Residences Shahdag” şəhərin səs-küyündən uzaq bir yerdə ailəvi istirahət edənlər üçün ideal məkandır. Hotel ümumilikdə 18 rahat və geniş nömrədən ibarətdir. Qiymətlər 105 manatdan başlayır. Hotelin yanında zövqlə dizayn edilmiş “Alov” restoranı və bar fəaliyyət göstərir.
Zərif ehtişamı və yüksək qonaqpərvərlik nümunəsini özündə təcəssüm etdirən 4 ulduzlu “Shahdag Hotel and Spa” müasir interyer və yüksək keyfiyyətli geniş və gözəl otaqları ilə qonaqlara rahatlıq vəd edir. Burada üst kateqoriyalı 172 qonaq otağı var. Bütün otaqlarda seyf və lazımi avadanlıqlar mövcuddur.
Şahdağa gələrkən Azərbaycanda ən böyük Spa mərkəzi olan “Ovdan Spa”nı da ziyarət etmək fürsətini qaçırmayın. “Ovdan Spa” “Shahdag Hotel and Spa” hotelinin ən gözəl və ayrılmaz bir hissəsidir. 3 min kvadratmetr sahəsi olan “Ovdan Spa” mərkəzində xüsusi ixtisaslaşmış personal türk və fin hamamlarının buxarından istifadə edərək müxtəlif növdə hidromassajlar, terapiyalar və masaj xidmətləri təqdim edir.
Şahdağ özünün özəllik və gözəlliklərilə hər kəsi məftun edəcək bir istirahət məkanıdır...

 

 

Turizm 2022-12-21 11:30:17