“İrgiz” təchizat-yedək gəmisi təmir edilib
Bakı, 20 noyabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “İrgiz” təchizat-yedək gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmir olunub.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, gəmi tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, avar qurğularının, dib-yan armaturlarının, protektor qurğularının təmiri aparılıb, sualtı və suüstü hissələri təmizlənərək rənglənib.
Bundan başqa, FRS qurğusu proqram əsasında sınaqdan keçirilib, braşpil qurğusu, boru sistemləri təmir edilib. Gəmidə “areston” tipli 200 litrlik suqızdırıcı quraşdırılıb, elektrik avadanlıqlarında zəruri təmir işləri yerinə yetirilib.
Heyətin yaşayış və xidməti otaqlarında cari təmir işləri həyata keçirilib, gəminin sağ və sol göyərtələrində qoruyucu gövdə şinləri asılıb, üst tikili göyərtələr təmizlənərək rənglənib.
Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb. Uğurla başa çatan sınaqdan sonra “İrgiz” yenidən dənizçilərin ixtiyarına verilib.
Qeyd edək ki, sözügedən təchizat-yedək gəmisinin uzunluğu 54,6 metr, eni 11,6 metrdir. Gəmi 4340 at gücünə malik mühərriklərlə təchiz olunub.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb