×
A
A
A
Sazlamalar

Gəlmə turizmi üzrə ilin yekunlarına dair toplantı

Bakı, 20 dekabr, AZƏRTAC

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Gəlmə Turizm Komissiyasının üzvləri ilin yekunlarına dair iclas keçirib.
ATAA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə 2022-ci il üzrə ATAA tərəfindən qaldırılan bir sıra məsələlər, problemlər və onların həllinə dair görülən işlərin nəticələri müzakirə edilib, bu istiqamətdə dövlət qurumları və təşkilatlarla aparılan ikitərəfli görüşlərə və səsləndirilən təkliflərə dair fikir mübadiləsi aparılıb.
Toplantı çərçivəsində komissiya üzvləri tərəfindən qaldırılan əsas məsələlərdən biri hotellərlə turizm şirkətləri arasında əlaqələrin inkişafı və əməkdaşlığın genişləndirilməsinə həsr olunub.
Görüşdə qarşılıqlı biznes əlaqələrinin sağlamlaşdırılması və rəqabət mühitinin yaxşılaşdırılması məqsədi ilə 2023-cü ildə qiymət siyasətinin tənzimlənməsi, birgə iş birliyinin yaradılması və gəlmə turizmin stimullaşdırılması üçün dövlət qurumları, təşkilatlar və assosiasiyalarla, eləcə də hotellərlə yeni görüşlərin keçirilməsi imkanları müzakirə olunub.
İclasda həmçinin beynəlxalq sərgilərdə ölkə turizminin təşviqi, xarici tərəfdaşlarla kommunikasiya əlaqələrinin və B2B (biznesdən-biznesə) formatlı görüşlərin genişləndirilməsi və qarşılıqlı infoturların təşkili məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Turizm 2022-12-20 14:17:00