×
A
A
A
Sazlamalar

Azərbaycandakı haykinq marşrutları

Qusar, 18 dekabr, AZƏRTAC

Qış turizmi bu günədək mövsümlük anlayışdır ki, onu aradan qaldırmaq üçün tədbirlər görülür. Azərbaycan isti qurşaqda yerləşsə də, təbiəti ona qışda da turistləri qəbul etmək imkanı verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova “Şahdağ” Turizm Mərkəzinə təşkil olunan mediatur zamanı deyib.
Büro təmsilçisi Azərbaycanda qış turizmi növlərinin və məhsullarının təşviqi, həmçinin “Şahdağ” Turizm Mərkəzinin, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Naxçıvandakı Ağbulaq Xizək Mərkəzinin fəaliyyəti, qış mövsümü ərzində turistlərə göstəriləcək xidmətlər barədə danışıb. Bildirib ki, bütün komplekslərdə kvadrosikllər, kanatlar, xizək yolları, xizək sürməyi öyrənmək üçün təlim kursları fəaliyyət göstərir.
O, həmçinin bildirib: “Quba bölgəsi qış turizmi baxımından maraqlı istiqamətlərdən biridir. Turistlər burada Xınalıq kəndinə və dağ yəhudilərinin yaşadıqları Qırmızı Qəsəbəyə baş çəkə bilərlər. Qış mövsümü dedikdə, yalnız xizək sürmək deyil, həm də haykinq marşrutları yada düşür. Bir neçə şəlalə var ki, qış mövsümündə donur və bu zaman gözəl mənzərə yaranır. Qusardakı Ləzə şəlaləsinə qalxmaq üçün yolsuzluq maşınlarından istifadə etmək, qalan məsafəni isə buzlu daş-qayalarla dırmaşmaq mümkündür. Qaranohur gölü üzərində də vaxtı əyləncəli keçirmək olar. Şirvan Milli Parkı, Talış dağları və Beşbarmaq dağında nadir quşları müşahidə etmək üçün turlar təşkil olunur. Naftalanda müalicə mərkəzləri ilin bütün aylarında turist qəbul edir. Turistlər müalicəvi neftdən yararlanmaq üçün min kilometrlərlə məsafə qət edirlər”, - deyə Günel Bədəlova söyləyib.

Turizm 2022-12-18 22:07:00