×
A
A
A
Sazlamalar

Yaponiyalı nazir: İpək Yolunun üzərində yerləşən Azərbaycan turistlərin diqqətini cəlb edəcək

Tokio, 15 dekabr, AZƏRTAC

Dekabrın 15-də Tokioda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Yaponiyanın torpaq, infrastruktur, nəqliyyat və turizm naziri Tetsuo Saito arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Fuad Nağıyev hər iki ölkənin Turizm agentlikləri arasında dekabrın 13-də imzalanan “Turizm sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu”nun ölkələrimizin turizm əlaqələrinin inkişafına və məlumat mübadiləsinin artmasına töhfə verəcəyinə əminliyini ifadə edib. Agentliyin sədri Azərbaycanda son illərdə turizmin inkişafına dövlət səviyyəsində verilən diqqətdən bəhs edərək, ölkəmizin geniş turizm potensialına malik olduğunu, işğaldan azad edilən ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını, həmçinin Azərbaycanda əlverişli investisiya mühitinin mövcudluğunu diqqətə çatdırıb. Fuad Nağıyev nazir Tetsuo Saitonu ölkəmizə səfərə dəvət edib.
Öz növbəsində Yaponiyanın torpaq, infrastruktur, nəqliyyat və turizm naziri Tetsuo Saito İpək Yolunun üzərində yerləşən Azərbaycanın mühüm istiqamət kimi yaponiyalı turistlərin diqqətini cəlb edəcəyini, İpək Yolunun xalqlarımız arasında tarix və mədəniyyət baxımından birləşdirici körpü rolunu oynadığını söyləyib. Nazir turizm əlaqələrinin inkişafı üçün birbaşa aviareyslərin açılmasının və zəruri müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.
Görüşdə iştirak edən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə iki ölkə arasında ötən 30 il ərzində diplomatik əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb, turizmin Azərbaycan-Yaponiya dostluq münasibətlərinin davamlı inkişafına müsbət təsir edəcəyini bildirib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Turizm 2022-12-15 20:15:00