×
A
A
A
Sazlamalar

Ölkəmiz İzmir turizm sərgisində təmsil olunub

Bakı, 12 dekabr, AZƏRTAC
İzmirdə XVI Beynəlxalq Turizm Sərgisi və Konqresi (TTİ) keçirilib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin himayəsi, İzmir Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi, TÜRSAB-ın dəstəyi, İZFAŞ və TÜRSAB Sərgi Təşkilatının ortaqlığı ilə keçirilən tədbirdə Azərbaycan da 10 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub.
Nümayəndə heyətinin tərkibində İzmir sərgisində iştirak edən “Smart Hotel Management” şirkətinin direktoru Ceyhun Aşurovun AZƏRTAC-a verdiyi məlumata görə, tədbirdə Türkiyədən bələdiyyələr, səyahət agentlikləri, turoperatorlar, hava yolu şirkətləri, konqres, sağlıq, mədəniyyət turizmi nümayəndələri də daxil olmaqla, 16 ölkədən 210-dan çox təmsilçi iştirak edib: “Azərbaycanlı turizmçilər həm sağlıq turizmi, həm də turizmin digər istiqamətlərinin təmsilçiləri, eyni zamanda, turizm şirkətlərinin nümayəndələri ilə işgüzar görüşlər keçirib. Almaniya, İtaliya, İsveç, Koreya Respublikası, Rusiya, Ukrayna, Bolqarıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və digər iştirakçı ölkələrin təmsilçiləri ilə keçirdiyimiz görüşlərdə qarşılıqlı əməkdaşlığın qurulması müzakirə edildi, onlara Azərbaycanın turizm imkanları barədə məlumatlar verildi. Son vaxtlar Türkiyə turizmçiləri daha çox sağlamlıq turizmi üzrə əlaqələrin qurulmasına önəm verirlər. Çünki turizmin bu istiqaməti Türkiyə iqtisadiyyatına daha çox gəlir gətirir. Ona görə də sərgidə iştirak edən sağlamlıq turizmi təmsilçiləri ilə çoxsaylı görüşlərimiz oldu”.
Sərginin son gününün iştirakçı ölkələrin təqdimatları ilə daha çox yadda qaldığını vurğulayan şirkət direktoru Əlcəzair, Kolumbiya, Kuba, Yamayka, Koreya Respublikası, Şimali Kipr, Şimali Makedoniya, Seyşel adaları, Uqanda, Vyetnam kimi dövlətlərin turizm təsisatlarının təqdimatının keçirildiyini bildirib: “Azərbaycan nümayəndə heyəti də bu ölkələrin təmsilçiləri ilə görüşlər keçirdi, onları maraqlandıran sualları cavablandırdı, həmçinin ölkəmizin turizm potensialı haqqında məlumatlar verildi. Hesab edirəm ki, belə tədbirlərdə iştirak etməklə Azərbaycan haqqında məlumatların daha geniş çevrəyə çatdırılmasına və gələcəkdə daha çox insanın ölkəmizə səfər etməsinə nail oluruq. Çünki görüşdüyümüz insanlar turizm şirkətlərinin, turizm assosiasiyalarının rəhbərləri, eyni zamanda, “Skal İnretnational” Turizm Peşəkarları Təşkilatının nümayəndələridir. Bir məqamı da xüsusi olaraq qeyd etmək istərdim ki, orada biz İzmir “Skal” klubu ilə görüş keçirdik. Azərbaycanın “Skal” klubu olaraq Dünya Skal Konqresinin İzmirdə keçirilməsinə səs vermişdik. Sevindirici haldır ki, üç namizəddən İzmir “Skal” klubu seçildi və 2024-cü ildə Dünya Skal Konqresi məhz bu şəhərdə baş tutacaq”, - deyə C.Aşurov qeyd edib.

Turizm 2022-12-12 15:19:00