×
A
A
A
Sazlamalar

Geodeziya və Kartoqrafiya Agentliyinin nizamnamə fondu 873 min manata yaxındır

Bakı, 30 noyabr, AZƏRTAC

Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”ni təsdiq edib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nizamnamədə ümumi müddəalarla yanaşı, agentliyin fəaliyyət istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, uçot və hesabat, ləğvi və yenidən təşkili kimi məsələlər öz əksini tapıb.
Qeyd olunub ki, Agentlik Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Onun fəaliyyətinə nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər. Agentliyin fəaliyyətinə dair illik hesabat nazirliyə təqdim edilir.
Qurumun ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Agentliyin nizamnamə fondu 872851,94 (səkkiz yüz yetmiş iki min səkkiz yüz əlli bir manat, doxsan dörd qəpik) manatdır. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

Ekologiya 2022-11-30 19:16:00