×
A
A
A
Sazlamalar

AzMİU ilə Çin universitetləri arasında əməkdaşlıq imkanları müzakirə edilib

Bakı, 29 noyabr, AZƏRTAC
Çinin ölkəmizdəki səfiri xanım Qo Min Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub. Səfir Qo Min əvvəlcə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüşdə səfirliyin nümayəndələri, Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov və AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva da iştirak ediblər.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, rektor Gülçöhrə Məmmədova tarixi İpək Yolu üzərindən xalqlarımız arasında qurulan mədəni və iqtisadi əlaqələrə, son illər isə Prezident İlham Əliyevin Çinə rəsmi səfərlərinə, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ikitərəfli görüşlərinə diqqət çəkərək əməkdaşlıq üçün münbit zəmin formalaşdığını qeyd edib. İki ölkə arasında əməkdaşlığın bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini deyən rektor elm və təhsil sahəsində, o cümlədən AzMİU ilə Çin universitetlərinin potensial əməkdaşlıq imkanlarından danışıb.
Ölkələrimiz arasındakı əməkdaşlığın günbəgün daha da inkişaf etdiyini deyən səfir Qo Min AzMİU ilə tanışlığının Çin-Azərbaycan əlaqələrinin yeni istiqaməti ola biləcəyini qeyd edib. Qo Min bildirib ki, səfirlik AzMİU ilə Çinin uyğun profilli universitetləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsinə, eyni zamanda, ortaq təhsil və mədəniyyət layihələrinin həyata keçirilməsinə çalışacaq.
Görüşdən sonra AzMİU-nun İtaliya-Azərbaycan Dizayn Mərkəzində Çinin tarixi və mədəniyyəti ilə bağlı tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib, eləcə də universitetin Memarlıq fakültəsinin tələbələrinin canlı iş prosesi (kalliqrafiya və kağızkəsmə) ilə tanışlıq olub.
Sərgi çərçivəsində Konfutsi İnstitutunun tələbələri Çin mədəniyyətindən müxtəlif nümunələr nümayiş etdiriblər.
Daha sonra AzMİU-da yaradılmış və yeni avadanlıqlarla təmin edilmiş Çin dili tədrisi mərkəzi ilə tanışlıq olub. Burada mərkəzin yaradılması və fəaliyyəti ilə bağlı memorandum imzalanıb.
Sonda Çin milli çay mədəniyyəti nümayiş etdirilib. Çin çayı, növləri, istifadə üsulları haqqında geniş məlumat verilib.

Elm və təhsil 2022-11-29 18:50:00