×
A
A
A
Sazlamalar

“Silk Way West Airlines” donanmasını gücləndirmək üçün “GE Aerospace” mühərriklərini sifariş edib

Bakı, 23 noyabr, AZƏRTAC

“Silk Way West Airlines” yeni sifariş olunmuş uzaq məsafəli “Boeing” təyyarələrini gücləndirmək məqsədilə “GE Aerospace” ilə ümumi sayı on altı olan “GE9X” və “GE90” mühərriklərinin alışı üçün müqavilə imzalayıb.
“Silk Way West Airlines”dən AZƏRTAC-a bildirilib ki, dünyanın ən güclü modelləri olan yeni mühərriklər yanacaq sərfiyyatını azaltmaqla Azərbaycan yük aviaşirkətinin dayanıqlılıq məqsədlərinə töhfə verəcək.
Şirkət bu yaxınlarda “GE9X” mühərrikləri ilə təchiz ediləcək iki “Boeing 777-8F” təyyarəsi aldığını elan edib, həmçinin 2021-ci ilin aprelində sifariş edilən beş “Boeing 777F” təyyarəsi üçün əlavə “GE90” mühərrikləri alacaq. Bu sifariş ümumilikdə beş “GE9X” və on bir “GE90” mühərrikindən ibarətdir və daha sonra aviadaşıyıcının yük parkının modernləşdirilməsinə töhfə verəcək.
“GE9X” tarixin ən güclü təyyarə mühərriki və “GE” tərəfindən indiyə qədər istehsal edilən ən səssiz modeldir. Bu, “GE90-115B” ilə müqayisədə yanacaq sərfiyyatını on faizə qədər azaldacaq və bütün “GE” kommersiya mühərrikləri kimi, “GE9X” və “GE90” da ekoloji cəhətdən dayanıqlı istənilən aviasiya yanacağı ilə işləyir. Beləliklə, yeni mühərriklər “Silk Way West Airlines”in əməliyyat göstəricilərini artırmaqla yanaşı, həm də onun yük daşımalarının davamlılığının artırılması strategiyasını dəstəkləyəcək.
İmzalanma mərasimində “Silk Way Group”un prezidenti Zaur Axundov “GE Aerospace” ilə əlaqələrin əhəmiyyətini vurğulayaraq bildirib: “Biz “GE Aerospace” ilə uzunmüddətli uğurlu əməkdaşlığımızı davam etdirməkdən məmnunuq. Bu müqavilənin imzalanması əlaqələrimizin möhkəmlənməsini əks etdirir. Bunun sayəsində “Silk Way West Airlines” ən yüksək emissiya və səs standartlarına cavab verən daha səmərəli donanma ilə davamlı gələcəyə inamla irəliləyəcək. Biz inanırıq ki, bu tərəfdaşlığın genişlənməsi uzunmüddətli davamlılıq strategiyamıza cavab verməyə, həmçinin ətraf mühitlə bağlı öhdəliklərimizi yerinə yetirməyə və dəyərli müştərilərimizə göstərilən xidmətləri daim təkmilləşdirməyə kömək edəcək”.
“GE Aerospace”in Kommersiya Mühərrikləri Əməliyyatları prezidenti və baş direktoru Keti MakKenzi deyib: “GE9X” mühərriki öz sinfində bənzəri olmayan performans və yanacaq səmərəliliyinin kombinasiyasını təklif edir. Biz “Silk Way West Airlines” ilə əlaqələrimizi gücləndirməkdən qürur duyuruq, çünki onlar öz donanmasını yük əməliyyatları üçün modernləşdirməyə davam edirlər”.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir “Boeing 747-8F” və “747-400F” yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən “Silk Way West Airlines” 2021-ci il aprel 28-də beş yeni “777F” təyyarəsinin alınması üçün “Boeing” ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir “777-8F” yük təyyarəsinin alınması üçün 2022-ci il noyabrın 10-da müqaviləyə imza atıb. Həmçinin bu il iyun 28-də “Airbus” ilə iki “A350F” yük təyyarəsinin alınması barədə razılığa gəlib. Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.
“GE Aerospace” qlobal xidmət şəbəkəsinə malik kommersiya və hərbi təyyarələr üçün reaktiv mühərriklər, komponentlər və sistemlər üzrə dünyanın aparıcı təchizatçısıdır. “GE Aerospace” və onun birgə müəssisələri 39 mindən çox kommersiya və 26 mindən çox hərbi təyyarə mühərriki bazasına malikdir və bu biznes aviasiyanın gələcəyinin formalaşmasında mühüm rol oynayır.

Nəqliyyat 2022-11-23 12:05:00