×
A
A
A
Sazlamalar

Araz-Türk Cümhuriyyətinin yaranması ilə Naxçıvanın Ermənistan tərəfindən ilhaq edilməsinin qarşısı alınıb

Naxçıvan, 19 noyabr, AZƏRTAC

1918-1919-cu illərdə mövcud olan Araz-Türk Cümhuriyyətinin hökuməti Naxçıvan şəhərində yerləşən Cəmşid Naxçıvanski Muzeyinin olduğu binada fəaliyyət göstərib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin iştirakı ilə cümhuriyyətin yaradılmasının 104-cü ildönümü münasibətilə muzeydə “Araz-Türk Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, mərkəzin elmi katibi Nihad Tarverdiyev çıxış edərək Azərbaycanın ayrılmaz tərkib hissəsi, qədim sivilizasiyanın mərkəzi olan Naxçıvanın çətin, mürəkkəb və eyni zamanda, şərəfli inkişaf və tərəqqi yolu keçdiyini vurğulayıb. Bildirib ki, zəngin dövlətçilik ənənələrinə malik olan Naxçıvan milli istiqlaliyyət tariximizdə xüsusi yer tutur. XX əsrin əvvəllərində qədim diyar ağır tarixi-siyasi şəraitdə erməni təcavüzü və soyqırımı siyasəti ilə üz-üzə qalıb. 1918-ci ilin noyabr ayında yaranmış çox mürəkkəb bir şəraitdə Naxçıvan əhalisinin təşəbbüsü ilə Araz-Türk Cümhuriyyəti yaradılıb. Bu respublikanın yaradılmasında məqsəd erməni iddialarını dəf etmək, torpaqlarımızın müdafiəsinə çalışmaq və Naxçıvanın ölkəmizin tərkibində saxlanılmasını təmin etmək, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşmək idi. Həmin dövrdə cümhuriyyətdə bir sıra dövlət və idarəçilik orqanları yaradılıb, hökumətin tərkibi sədrdən və 6 nazirdən ibarət olub. Hökumətin sədri Əmir bəy Nərimanbəyov idi. Cümhuriyyətin hüdudları Naxçıvan, Şərur-Dərələyəz qəzalarını, Ordubad mahalını, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və digər əraziləri əhatə edib. Araz-Türk Cümhuriyyətinin silahlı qüvvələri erməni daşnaklarının təcavüzünü dəf edib. Qədim diyarın müdafiəsində Cəfərqulu xan, Rəhim xan, Kamran xan, Kəlbalı xan Naxçıvanskilər, Cabbarağa Vəzirov və digər görkəmli ziyalılar çox böyük xidmətlər göstəriblər.
Vurğulanıb ki, Araz-Türk Cümhuriyyəti qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq bölgənin taleyində mühüm rol oynayıb. Cümhuriyyətin mövcudluğu dövründə əldə olunmuş nailiyyətlər təkcə o dövr üçün yox, bütövlükdə bölgənin gələcəyi üçün böyük əhəmiyyətə malik olub. Onun Naxçıvan bölgəsindəki qısamüddətli siyasi-dövlət qurumunun fəaliyyətinin nəticələri və tarixi əhəmiyyətinə gəldikdə isə qeyd etmək olar ki, Şimali Azərbaycan üçün çox gərgin bir dövrdə Araz-Türk Cümhuriyyəti bölgənin ermənilərin əlinə keçməsinə imkan verməyib və bununla da Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünü təmin edib.
Qeyd olunub ki, Araz-Türk Cümhuriyyətinin müstəqillik tariximizdəki müstəsna xidmətlərini və siyasi əhəmiyyətini nəzərə alaraq, fəaliyyətinin elmi əsaslarla tədqiq edilməsi və öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2019-cu il 24 sentyabr tarixdə Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında Sərəncam imzalayıb. 2018-ci ilin may ayının 28-də Naxçıvan şəhərinin baş meydanında - Heydər Əliyev Muzeyinin qarşısında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış edən Ali Məclisin Sədri Araz-Türk Cümhuriyyətinin yaranması zərurətindən bəhs edərək deyib: “Böyük dövlətlərin təsiri ilə qədim Azərbaycan torpaqları olan Zəngəzurun və İrəvanın Ermənistana verilməsindən sonra Naxçıvan Muxtar Respublikasının indiki ərazisi təcrid olunmuş vəziyyətə düşmüş, Azərbaycanın əsas ərazisi ilə əlaqə kəsilmişdir. Belə bir vəziyyətdə - 1918-ci ilin noyabrında Naxçıvanda yaradılmış Araz-Türk Cümhuriyyəti Naxçıvanın Ermənistan daşnak hökuməti tərəfindən ilhaq edilməsinin qarşısını aldı və tarixi Azərbaycan torpaqlarını qoruyub saxladı”.
Sonda muzeyin bələdçisi Əfsanə Camalova tədbir iştirakçılarına muzey ekspozisiyası haqqında məlumat verib.

Regionlar 2022-11-19 17:50:00