×
A
A
A
Sazlamalar

“Google-Fi” texnologiyasının perspektivləri araşdırılır

Bakı, 19 noyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunda “Google-Fi” texnologiyasının perspektivləri araşdırılır.
Bu barədə institutda “Google-Fi” texnologiyası üzrə keçirilən elmi seminarda məlumat verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, mövzuya dair çıxış edən institutun proqramçısı Təbriz Ağaşov bu texnologiya haqqında məlumat verib. O bildirib ki, “Google” dünyanın ən böyük axtarış sistemi və ən çox ziyarət edilən saytıdır. Yarandığı ilk gündən inkişaf edən “Google” hazırda “Gmail”, “Google News”, “Google Analytics” və “Google Chrome” kimi xidmətlər təklif edir. Axtarış sistemləri arasında “Google”dan istifadə 80 faiz təşkil edir.
“Google-Fi” barədə danışan məruzəçi qeyd edib ki, bu texnologiya “Google” şirkətinin təqdim etdiyi mobil virtual operatordur. Bu xidmət istifadəçilərə “T-Mobile” və “US Cellular” şəbəkələrinə giriş imkanı verir. Həmçinin “T-Mobile” şəbəkəsində fəaliyyət göstərməklə “Google-Fi” ölkənin ən yaxşı 5G şəbəkəsində xidmət də təklif edir.
Daha sonra məruzəçi “Google-Fi” texnologiyasını dəstəkləyən mobil telefonlardan danışıb. Qeyd edib ki, bu texnologiyanı dəstəkləyən mobil qurğular arasında “Pixel” və “Samsung” kimi modellər var.
Sonda institutun icraçı direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov mövzuya dair fikirlərini bölüşüb.

 

 

Texnologiya 2022-11-19 15:35:00