×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilib

Bakı, 10 noyabr, AZƏRTAC

Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbir və konsert proqramları keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.
Tədbirlərdə çıxış edənlər xalqımızın azadlıq ideyalarının, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olan Dövlət bayrağı haqqında ətraflı danışıblar. Bildirilib ki, ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Milli həmrəyliyinin başlıca amillərindən olan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc mənbəyidir.
Vurğulanıb ki, ölkəmiz müstəqillik elan etdikdən sonra ulu öndər Heydər Əliyev tərəfindən yenidən dövlət rəmzi olaraq bizə qaytarılan üçrəngli bayrağımız bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi sayəsində işğaldan azad edilmiş ərazilərimizdə vüqarla dalğalanır.
Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirlərdə hərbi qulluqçulara bayrağı, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən konsert proqramı təqdim edilib.

Ordu 2022-11-10 00:09:00