×
A
A
A
Sazlamalar

Paytaxtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

Bakı, 8 noyabr, AZƏRTAC

8 Noyabr - Zəfər Günü münasibətilə paytaxtın müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yürüşlərdən əvvəl ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Sonra isə hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin üç marşrut üzrə - Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı; Şəhidlər xiyabanı, “Alov qüllələri” kompleksi, “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi, “Azneft” dairəsi, Bəhram Gur heykəli; Hüseyn Cavid parkı, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı istiqamətləri üzrə yürüşləri təşkil olunub.
Orkestrlər hərbi vətənpərvərlik mahnıları, marşlar səsləndiriblər.
Hərbi orkestrlərin nümunəvi çıxışları şəhər sakinlərində və qonaqlarda yüksək əhvali-ruhiyyə yaradıb.
Zəfər Günündə AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla xalqımızı şanlı Qələbə münasibətilə təbrik edib: “Bu gün biz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərin ikinci ildönümünü böyük sevinc və coşqu ilə qeyd edirik. İki il əvvəl sentyabrın 27-də başlayan və hər günü bir tarix olan 44 günlük Vətən müharibəsi xalqımızın, əsgərimizin gücünü bütün dünyaya göstərdi. Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşən ordu və xalq müharibənin 44-cü günündə düşmənin dizini yerə gətirdi. Noyabrın 8-də, həmçinin 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri də düşmən tapdağından xilas edildi. Hər kəsə məlumdur ki, Şuşa şəhəri dünya hərb tarixində iz salan xüsusi, unikal hərbi əməliyyatla düşmən əsarətindən qurtarıldı. Tarixi Qələbəmizə minlərlə Vətən fədaisi, qəhrəman döyüşçülər canı, qanı bahasına imza atdılar. Bu günü bizə yaşadan Azərbaycan Ordusunun hər bir fərdinə təşəkkürümü bildirirəm. Allahdan şəhidlərə rəhmət, yaralılara şəfa, Vətənin keşiyini çəkən oğullara cansağlığı arzulayıram”.
Vətən müharibəsi iştirakçısı Əliheydər Nağıyev Vətən müharibəsinin ilk günündən könüllü olaraq döyüşlərə yollanıb. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edən hərbi qulluqçu deyib: “Döyüş meydanları bizə birliyi, dostluğu, sədaqəti öyrətdi. Bir-birimiz üçün canımızdan keçməyə, özümüz ac qalsaq da son tikəmizi silahdaşımızla bölməyə hazır idik. Ən əsası Vətən müharibəsi zamanı bütün dünya nəyə qadir olduğumuza şahidlik etdi. Qırx dörd gün ərzində hər kəsin dəstəyini hiss etdik. Bizim üçün edilən dualar ən çətin anlarda dadımıza çatdı. O günləri həm qürur, həm də dərin hüznlə xatırlayıram. Şəhid olan döyüş yoldaşlarımın məğrur siması gözlərimin qarşısından getmir. Onların qanı yerdə qalmadı, hər birinin qisasını artıqlaması ilə aldıq. Bu gün isə tarixi Zəfərimizin ikinci ildönümünü qeyd edirik. Şanlı tarixin bir parçası olmaqdan qürur duyuram. Bilirəm ki, şəhid qardaşlarımızın da ruhu şaddır, onlar da bizimlə birgə Qələbə sevincini bölüşürlər”.
“Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunan Ə.Nağıyev hazırda Azərbaycan Ordusunun hərbi qulluqçusu kimi xidmətini davam etdirir.

Ordu 2022-11-08 11:03:00