×
A
A
A
Sazlamalar

YAP-ın 30 illik yubileyinə həsr olunmuş minifutbol üzrə turnirin bağlanış mərasimi keçirilib

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyinə həsr olunmuş minifutbol üzrə turnirin bağlanış mərasimi keçirilib.
Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov turnir barədə hesabat təqdim edərək bildirib ki, yarışın keçirilməsində məqsəd Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə əlaqədar silsilə tədbirlərin əhatə dairəsinin genişləndirilməsi, gənclər arasında sağlam həyat tərzinin və həvəskar minifutbolun təbliğidir. Oktyabrın 15-dən startı verilmiş minifutbol turnirində, ümumilikdə respublikanın 76 rayon və şəhərindən 864 nəfər gənc iştirak edib. On iki qrupda mübarizə aparan 72 komandadan ibarət turnirin qrup və pley-off oyunları Bakı, Sumqayıt, Qusar, Qəbələ, Mingəçevir, Goranboy, Tovuz, Lənkəran, Biləsuvar, Tərtər və Saatlı şəhərlərində keçirilib. Hər qrupdan bir komanda olmaqla ümumilikdə 12 komanda pley-off mərhələsinə vəsiqə qazanıb. Pley-off mərhələsinin yekununda üç komanda Bakı şəhərində keçirilən final oyunlarında iştirak şansı əldə edib.
Mərasimdə əvvəlcə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev oyunları idarə edən hakimlərə xatirə hədiyyələri təqdim olunub.
İlk üç yeri tutmuş Tovuz, Bərdə, Sabunçu komandalarının oyunçuları müvafiq diplom, medal və xatirə hədiyyələri ilə, qalib komanda isə əlavə olaraq kubokla təltif olunub.
Turnirin bağlanış mərasimində çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qarşıdan gələn Zəfər bayramı, Dövlət Bayrağı Günü və Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. O bildirib ki, hazırda respublikada partiyamızın 30 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir. Bu tədbirlər sırasında gənclər arasında keçirilən idman və intellektual yarışlar da xüsusi yer tutur. YAP Sədrinin müavini qarşıdakı günlərdə keçiriləcək tədbirlər haqqında da məlumat verib. Minifutbol turnirinin bütün iştirakçılarını təbrik edən Mərkəzi Aparatın rəhbəri vurğulayıb ki, bu kimi turnirlərdə təmsil olunmaq ulu öndər Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə və Yeni Azərbaycan Partiyasının prinsiplərinə sadiqliyin nümunəsidir.
Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunmuş minifutbol turniri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

İdman 2022-11-05 20:47:00