“ADY Konteyner” “TransLogistica Özbəkistan 2022” sərgisində iştirak edir
Bakı, 3 noyabr, AZƏRTAC
Özbəkistanın paytaxtı Daşkənddə 18-ci Beynəlxalq “Nəqliyyat və Logistika - TransLogistica Özbəkistan 2022” sərgisi keçirilir.
Sərgidə “CASCA+” multimodal nəqliyyat marşrutu ayrıca stendlə çıxış edir. Marşrut üzrə iştirakçı ölkələrin dəmir yolları operatorları - “ADY Konteyner” MMC, “Qırğızıstan Dəmir Yolları”, “Özbəkdəmiryolekspedisiya”, “Türkmənistan Nəqliyyat-Logistika Mərkəzi”, “GR Logistics and Terminals” və “Pasifik Eurasia A.Ş.” öz xidmətlərini təklif edirlər.
“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, sərgidə “CASCA+” marşrutunun stendinə maraq böyükdür. Stendə yaxınlaşanlar arasında Özbəkistanın nəqliyyat nazirinin müavini Jasurbek Çoriyev də olub. “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov J. Çoriyevə “CASCA+” multimodal nəqliyyat marşrutu ilə bağlı ətraflı məlumat verib.
Bildirilib ki, marşrutun yaradılmasında məqsəd iştirakçı ölkələrin tranzit imkanlarından istifadə etməklə Çin-Avropa-Çin istiqamətində dəmiryolu ilə yükdaşımaların həcminin və səmərəliliyinin artırılmasıdır.
Sərgidə 50-yə yaxın təşkilat və şirkət öz stendi ilə təmsil olunur.
Qeyd edək ki, “CASCA+” “Asiya-Sakit okean regionu ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu əsasında yaradılıb. Marşrut üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının 2022-ci il avqustun 5-də Bakıda keçirilmiş iclasında marşrutun səmərəliyinin artırılması üçün operatorların iştirakı ilə konsorsiumun yaradılması, konteynerlərin marşrutboyu izlənilməsi məqsədilə rəqəmsal platformanın hazırlanması müzakirə edilib.
BNA mərhələli şəkildə müvafiq yol nişanlarının quraşdırılmasına başlayıb
İyunda Astanadan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək
"Süleyman Vəzirov” gəmisi “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərinə cəlb olunub
Cari ilin iki ayında hava nəqliyyatı ilə 332,6 min sərnişin daşınıb