×
A
A
A
Sazlamalar

“Caspiana” uzun məsafə qət edən Azərbaycanın ilk yaxt komandası kimi tarixə düşüb

Bakı, 1 noyabr, AZƏRTAC

Azərbaycanın “Caspiana” yaxt komandası Türkiyədə keçirilən 33-cü Marmaris reqatasında debüt edib.
AZƏRTAC xəbər verir ki, yarışda komandamız iki heyətlə mübarizə aparıb. Komandanın əsas heyətində İlkin Əliyev (şkiper), Sərxan Həşimov, Rüfət Həmzəyev, Ruslan Muradov, Rüfət Əbilov, Farxod Kamilov, Viktor Vasilyev, Oytun Çalışlar və Dilarə Cəfərova yer alıblar. Əsas heyətlə yanaşı, Azərbaycan Yelken Federasiyasının İdarə Heyətinin üzvü, şkiper Tatyana Srebnayanın rəhbərliyi altında idmanın bu növü ilə məşğul olmağa yeni başlayan idmançılar ikinci komandada güclərini sınayıblar.
Otuz bir ölkədən 123 yaxtanın mübarizə apardığı reqatada 7 qısa və 1 uzun məsafəyə yürüşün keçirilməsi planlaşdırılıb.
Əsas komandamız reqatada 12 metrlik “Matt 12” tipli spinnaker yelkənli qayıqda mübarizə aparıb.
Yarışın sonuncu iki günündə küləyin olmaması səbəbindən 4 qısa yürüş təşkilatçılar tərəfindən ləğv olunub. Belə ki, qısa yürüşlərin birində “Caspiana” komandasını bürünc medaldan cəmi 29 saniyə ayırıb.
Böyük təcrübə əldə edən “Caspiana” uzun məsafəni qət edən ilk Azərbaycan komandası kimi tarixə düşüb.
Hazırda “Caspiana” Azərbaycanı beynəlxalq arenada təmsil edən və Yelkən Federasiyanın üzvü olan yeganə rəsmi yaxt komandasıdır.

İdman 2022-11-01 15:38:00