×
A
A
A
Sazlamalar

Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcək paracüdo üzrə millimizin heyəti açıqlanıb

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) kişilərdən və qadınlardan ibarət paracüdo üzrə milli komandaların məşqçiləri ilə görüş olub.
AZƏRTAC AMPK-ya istinadla xəbər verir ki, görüşdə komitənin prezidenti İlqar Rəhimov, Bakıda keçiriləcək dünya çempionatının Təşkilat Komitəsinin sədri, AMPK-nın prezidentinin köməkçisi Kamal Məmmədov, vitse-prezidenti İlham Zəkiyev, kişilərdən ibarət millinin baş məşqçisi İbrahim İbrahimov, qadınlardan ibarət yığmanın baş məşqçisi Ramin İbrahimov və məşqçilər iştirak ediblər.
Görüş zamanı komitə prezidenti dünya çempionatına çox az vaxtın qaldığını, Təşkilat Komitəsinin çempionata plan üzrə hazırlaşdığını bildirib. Daha sonra İ.Rəhimov baş məşqçilərdən idmançıların fiziki və psixoloji vəziyyəti ilə maraqlanıb.
Kişilərdən ibarət paracüdo üzrə milli komandanın baş məşqçisi İ.İbrahimov idmançıların Göygöl Olimpiya İdman Kompleksində baş tutan təlim-məşq toplanışından yeni qayıtdığını, çempionata tam hazır olduqlarını qeyd edib.
Qadınlardan ibarət yığmanın baş məşqçisi R.İbrahimov isə öz növbəsində bildirib ki, idmançılarımız yüksək əhval-ruhiyyədədir. Onların doğma divarlar arasında yüksək nəticələr əldə edib, xalqımızı sevindirəcəklərinə əminəm.
Daha sonra isə dünya çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Kişilərin yarışında İsmayıl Muradov (60 kq, J1), Aydın Əhmədov, Bayram Mustafayev, Vüqar Şirinli (hər üçü 60 kq, J2), Amil Əliyev (73 kq, J1), Namiq Abaslı, Hüseyn Rəhimli (hər ikisi 73 kq, J2), Xəyal Qəniyev, Zakir Mislimov (hər ikisi 90 kq, J1), Kamil Ağayev, Taleh Şabiyev (hər ikisi 90 kq, J2), İlham Zəkiyev (+90 kq, J1), Əlican İsmayılzadə, Kənan Abdullaxanlı, Abdulla İsmayılov (hər üçü +90 kq, J2) tatami üzərinə çıxacaqlar.
Qadınların yarışında Şəhanə Hacıyeva, Əsma İbrahimova (hər ikisi 48 kq, J2), Vəfa Seydova (57 kq, J1), Səbinə Abdullayeva (57 kq, J2), Xanım Hüseynova (70 kq, J2), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) ölkəmizi təmsil edəcəklər.
Dünya çempionatı öncəsi Beynəlxalq Paralimpiya Komitəsinin həkimlərinin iştirakı ilə göz tibbi təsnifatı keçiriləcək. Azərbaycan milli komandasının 17 nəfər idmançısı da (Əhmədov Aydın, Mustafayev Bayram, Şirinli Vüqar, Əliyev Amil, Rəhimli Hüseyn, Qəniyev Xəyal, Mislimov Zakir, Ağayev Kamil, Şabiyev Taleh, İsmayilzadə Əlican, Abdullaxanlı Kənan, İsmayılov Abdulla, Hacıyeva Şəhanə, İbrahimova Əsma, Seydova Vəfa, Abdullayeva Səbinə, Hüseynova Xanım) tibbi təsnifatda iştirak edəcəklər. Göz tibbi təsnifatından uğurla keçmiş idmançılar yarışa qatılacaqlar.

 

İdman 2022-10-29 12:55:00