×
A
A
A
Sazlamalar

Azərbaycan Cüdo Federasiyasının rəsmi internet saytının təqdimatı olub

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycan Cüdo Federasiyasının (ACF) yenilənmiş www.judo.az saytının təqdimat mərasimi keçirilib. Azərbaycan cüdosunun əsas internet resursu olan sayt müasir dizayn, təhlükəsizlik və istifadəçi rahatlığı standartlarını əsas tutmaqla yenidən hazırlanıb.
AZƏRTAC xəbər verir ki, saytda cüdo idman növü haqqında ümumi məlumat, həmçinin bu idman növünün dəyərləri, qaydaları və terminləri barədə geniş məlumat əldə etmək mümkündür. Bundan başqa, həm xarici, həm də yerli yarışların interaktiv qaydada əks olunan təqvimi mövcuddur. Onlayn resurs vasitəsilə həmin yarışların canlı yayımı da həyata keçiriləcək. Saytda Azərbaycan cüdosu barədə bütün xəbərlər və multimedia resursları operativ şəkildə əks etdirilir. Milli yığmaların performans, məşqçi, tibbi və digər dəstək heyətləri, milli yığma üzvləri olan cüdoçular, hakimlər və yarışların nəticələrini əks etdirən protokollar haqqında informasiyanı istifadəçilər saytdan əldə edə bilərlər. Judo.az-da, həmçinin ACF-nin rəhbərliyi və əməkdaşları, rəsmi sənədləri barədə müvafiq məlumatlar verilib. Vətəndaşların sayt vasitəsilə ACF rəhbərliyinə müraciəti üçün imkan yaradılıb. Saytın “Şərəf lövhəsi” bölümündə Azərbaycan cüdosunda önəmli nailiyyətləri olan cüdoçularımız haqqında xəbərlər yerləşdirilib.
Tədbirdə federasiyanın baş katib Rəşad Rəsullu bildirib ki, məlumatların əlçatanlığının təmin edilməsi, eləcə də hadisələrin və turnirlərin operativ işıqlandırılması baxımından ACF-in veb-saytının yenilənməsi vacib idi: “Məqsəd istifadəçilərin, bu sahədə çalışan jurnalistlərin rahatlığını təmin etmək və müasir tələblərə uyğunlaşdırmaqdır. Yeni sayt həm federasiyanın əsas rəsmi məlumat resursu, həm də cüdo idman növündə olan nailiyyətləri əks etdirən portal rolunu oynayacaq. Veb-sayt vasitəsilə cüdoda olan ən son xəbərləri, yeniliklərin operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcəyik”.
Növbəti mərhələdə saytın daha da təkmilləşdirilməsi və genişləndirilməsi nəzərdə tutulub. Buna ölkədəki cüdo idman klubları və idman təşkilatları haqqında rayonlar, şəhərlər və bölgələr üzrə məlumatların yerləşdirilməsi, klubların onlayn lisenziyalaşdırılması və bir çox digər proseslərin rəqəmsallaşdırılması daxildir.
Təqdimat zamanı, həmçinin qeyd edilib ki, ACF artıq məlumat bazasının idarə olunması və daxili yarışların təşkili üzrə yeni proqram təminatından istifadə etməyə başlayıb. Beynəlxalq Cüdo Federasiyasının tövsiyə etdiyi proqram təminatı, həmçinin yerli yarışları da canlı olaraq saytda yayımlamağa imkan yaradacaq.

İdman 2022-10-28 15:54:00