×
A
A
A
Sazlamalar

BDU-nun “SABAH” qruplarının üç komandası informasiya texnologiyaları üzrə bilik yarışmasında uğurlu nəticə əldə edib

Bakı, 26 oktyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi çərçivəsində “Şuşa İli”nə həsr olunmuş informasiya texnologiyaları üzrə bilik yarışmasının final mərhələsi başa çatıb.
Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib.
Bilik yarışmasının final mərhələsində 5 saat ərzində 9 alqoritmik məsələnin C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırıqları verilib.
Yarışmada Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin riyaziyyat müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, elektronika telekommunikasiya və radiotexnika və digər ixtisaslarında təhsil alan “SABAH” qrupları tələbələrindən ibarət 92 komanda iştirak edib.
BDU-nun üç komandası yarışmada uğurlu nəticələr əldə edib. Belə ki, BDU-nun “SABAH” qruplarının “CodeNinja” və “SABAHTech” komandaları yarışmada II yerə, “OneZero” komandası isə III yerə layiq görülüb.
Qeyd edək ki, informasiya texnologiyaları üzrə bilik yarışmasının təşkil edilməsində məqsəd müvafiq sahəyə olan marağın, tələbələrin elmi-yaradıcı təşəbbüslərinin artırılması, onların sağlam rəqabət şəraitində elmi araşdırma fəaliyyətinə təşviq edilməsi, istedadlı gənclərin elmi-yaradıcılıq potensialının aşkara çıxarılması və nümayiş etdirilməsi üçün əlverişli şəraitin yaradılmasından ibarətdir.

Texnologiya 2022-10-26 18:45:00