×
A
A
A
Sazlamalar

BDU-nun Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi seminarı keçirilib

Bakı, 24 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında növbəti elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Seminarda Fizika fakültəsinin Nəzəri fizika kafedrasının doktorantı Möhsün Əlizadə “NICA enerjisində proton-proton toqquşmasında birbaşa fotonların alınması prosesinə kvant xromodinamik düzəlişlər” mövzusunda məruzə ilə çıxış edib.
M.Əlizadə birbaşa fotonların alınması, kvark-qlüon Kompton səpilməsi və kvark-antinkvark cütünün annigilyasiyası proseslərinə edilmiş kvant xromodinamik düzəlişlər haqqında məlumat verib. O, baxılan proseslərin diferensial kəsiyinin toqquşan protonların enerjisindən, fotonların eninə impulsundan, səpilmə bucağının kosinusundan, sürətindən asılı olduğunu, kvant xromodinamk düzəlişlərin Kompton kvark-qlüon səpilməsinin diferensial kəsiyinə əlavənin kvark-antikvark cütünün annigilyasiyasının diferensial kəsiyinə əlavəsindən böyük olduğunu qeyd edib. Annigilyasiya prosesinin ikiqat spin asimmetriya əmsalının araşdırıldığını bildirərək, dəniz və valent kvarkların Kompton kvark-qlüon səpilməsində rolunu izah edib.
Seminarın sonunda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

Texnologiya 2022-10-24 10:55:00