×
A
A
A
Sazlamalar

Deputat: Zəngilan Hava Limanı “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin elementinə çevriləcək

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan 2 ildən qısa müddətdə işğaldan azad olunan ərazilərimizdə ikinci beynəlxalq hava limanını - Zəngilan Beynəlxalq Hava Limanını istifadəyə verib. Bu, ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha gücləndirildiyindən xəbər verir.
AZƏRTAC xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib.
O bildirib ki, regionda baş verən iqtisadi və geosiyasi dəyişikliklər işğaldan azad olunan ərazilərimizdə 3 hava limanına ehtiyacın olduğunu bir daha təsdiq edib. Hər 3 hava limanı bütün növ təyyarələri qəbul edə biləcək. Zəngilan Beynəlxalq Hava Limanı həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biridir. Zəngilan iqtisadi və turizm baxımından da böyük potensiala malik rayondur: “Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə edilməklə yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Beynəlxalq Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq.
Bundan sonra hava limanı “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsilə daşınan beynəlxalq yüklərin, həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzurda turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyyətlidir”.

Nəqliyyat 2022-10-21 16:35:00