×
A
A
A
Sazlamalar

Nazir Müavini: Qarabağda stimullaşdırıcı mexanizmlərin hazırlanması istiqamətində təkliflər paketi hazırlanır

Bakı, 19 oktyabr, AZƏRTAC

Qarabağda yaradılacaq investisiya imkanlarının qayəsində işğaldan azad edilmiş ərazilərimizin dayanıqlı inkişafı, ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, həmin regionda yerli və xarici özəl təşəbbüslərin reallaşdırılmasının hərtərəfli təşviqi dayanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 19-da iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda Xəzər İnşaat Həftəsinin açılış mərasimində deyib.
Nazir müavini bildirib ki, bu məqsədlə müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli Sərəncamı ilə müvafiq tapşırıqlar verilib və hazırda təkliflər paketi hazırlanır.
Sərəncam çərçivəsində xüsusilə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi, eləcə də dövlət-özəl sektor tərəfdaşlığının inkişafı əsas prioritetlər kimi müəyyən edilib.

Sərgilər 2022-10-19 15:16:00