×
A
A
A
Sazlamalar

Xəzər İnşaat Həftəsi oktyabrda yenidən öz işinə başlayacaq

Bakı, 24 avqust, AZƏRTAC

Bu il oktyabrın 19-dan 21-dək Bakıda Xəzər İnşaat Həftəsi çərçivəsində payız sərgi mövsümünə start veriləcək.
AZƏRTAC “Iteca Caspian” şirkətinə istinadla xəbər verir ki, Xəzər İnşaat Həftəsi çərçivəsində keçiriləcək sərgilər sırasına bu ildən etibarən daha bir sərgi daxil ediləcək.
Belə ki, bu il Xəzər İnşaat Həftəsi 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 28-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri ilə yanaşı 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisini də bir ad altında birləşdirəcək.
Bakı Ekspo Mərkəzində keçiriləcək builki sərgilərin ekspozisiyası ötən illərlə müqayisədə daha da genişləndiriləcək. Əgər ötən ilki sərgilər Bakı Ekspo Mərkəzinin iki zalını əhatə edirdisə, bu il artıq üçüncü zalın da istifadəyə verilməsi gözlənilir. Xəzər İnşaat Həftəsində nümayiş olunacaq yeniliklərdən biri isə sərgilərin Bakı Ekspo Mərkəzinin həm də açıq sahəsini əhatə etməsi olacaq.
Builki sərgilər əlamətdar bir ilə - Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə təsadüf edir. Bu mühüm hadisə Xəzər İnşaat Həftəsinin proqramında da öz əksini tapacaq.
İnşaat həftəsində iştirakçılar arasında ümumilikdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə və digər ölkələrdən olan şirkətlər yer alacaq. Sərgilərdə Almaniya, Macarıstan, Özbəkistan və Rusiya Federasiyası milli və regional stendlərlə təmsil olunacaq.
Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olan “Rebuild Karabakh” bu il 3-cü dəfə təşkil ediləcək. Sərginin məqsədi Qarabağda baş verən müsbət dəyişikliklərə diqqəti artırmaq, eləcə də regionun bərpası prosesinə müxtəlif təşkilatları və müəssisələri cəlb etməkdir.
“Rebuild Karabakh” sərgisi burada təmsil olunan beynəlxalq şirkətləri Qarabağda investisiya layihələrində iştirak etməyə cəlb edir. Sərginin elə əsas məqsədi də Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir. Sərgidə təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır.
İqtisadiyyatın müxtəlif sahələrindən yerli və xarici şirkətlərin sərgiyə olan marağı göstərir ki, “Rebuild Karabakh” sərgisi ötən illər ərzində Azərbaycanda sərgi sənayesinin əhəmiyyətli hadisələrindən birinə çevrilib. Sərginin ölkəmiz üçün əhəmiyyətini Prezident İlham Əliyevin sərgi iştirakçılarına göndərdiyi təbrik məktubu bir daha sübut edir.
Qeyd olunub ki, ölkəmizdə keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri “Rebuild Karabakh 2021” sərgisi çərçivəsində imzalanan Anlaşma Memorandumuna əsasən sərgi sahəsinin satışından əldə olunan gəlirin bir qismini işğaldan azad olunan ərazilərin bərpa və yenidənqurulması istiqamətində görülən işlərə dəstək məqsədilə, Qarabağ Dirçəliş Fonduna ianə edib. Hazırda bu istiqamətdə Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq davam etdirilir.
“Rebuild Karabakh” sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, qida sənayesi, sağlamlıq, enerjiyə qənaət sistemləri, ağıllı ev həlləri, təhlükəsizlik, təhsil, turizm, mədəni irs, eləcə də yol tikintisi və infrastrukturu bölmələri üzrə təşkil ediləcək.
Çoxillik tarixə malik olan “BakuBuild” və “Aquatherm Baku” sərgiləri isə tikinti sənayesində innovativ mal və xidmətlərin ölkə bazarına çıxışı üçün şərait yaradır, qısa müddətdə hədəf auditoriyası ilə üzbəüz görüşlər keçirmək, yerində biznes qurmaq imkanı təqdim edir.
“BakuBuild” şirkətlərin tikinti sahəsində ən son nailiyyətlərini nümayiş etdirən və sonuncu texnologiyaları təqdim etmək imkanı yaradan platformadır. Sərgidə ziyarətçilər tikinti proseslərini əhəmiyyətli dərəcədə təkmilləşdirə biləcək bir çox başqa texnologiyalarla tanış olurlar. “BakuBuild” müxtəlif şirkətlərin nümayəndələrini, təchizatçıları və tikinti peşəkarlarını bir platformada birləşdirir. Ziyarətçilər yeni işgüzar əlaqələr qurmaq, potensial tərəfdaşlıqları müzakirə etmək və peşəkar şəbəkələrini genişləndirmək imkanı əldə edirlər.
“BakuBuild” sərgisi interyer, idman məhsulları, işıqlandırma, izolyasiya sistemləri, landşaft, tikinti material və məhsulları, tikinti istehsalat və avadanlıqları, eləcə də digər bölmələri əhatə edir.
“Aquatherm Baku” sərgisi 15 ildir ki, istilik, havalandırma, hovuzlar, sauna, spa, kondisioner (HVAC), avadanlıqlar sahəsində bölgənin aparıcı peşəkar sərgisi mövqeyini qoruyur. Sərgidə hava təmizləyiciləri, kondisionerlər, radiatorlar, ventilyasiya sistemləri, istilik sistemləri, istilik izolyasiya materialları, hamam və cakuzi, saunalar, hovuzlar, qızdırıcılar, kompressorlar, soyuducular, çirkab (tullantı) suyu texnologiyaları, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, boru kəmərləri, nasoslar, soyuducular, günəş enerjisi və sair kimi sektorlar təqdim olunur.
“Road&Traffic” sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində ixtisaslaşmış tədbirdir. Sərgi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə təcrübə mübadiləsi üçün nadir imkandır.
Sərgilər zamanı adətən ekspert və mütəxəssislərin tikinti sahəsində öz bilik və təcrübələrini bölüşdükləri sessiyalar, panel müzakirələri və digər tədbirlər təşkil edilir. Bu, ziyarətçilərə yeni biliklər, sənayedəki ən son tendensiyalar haqqında məlumat əldə etmək və peşəkar bacarıqlarını artırmaq imkanı verir. Bundan əlavə, sərgilərin beynəlxalq statusu iştirakçılara öz məhsullarını təkcə yerli bazarda deyil, eyni zamanda xarici platformada təqdim etmək, həmçinin yeni bazarları və imkanları araşdırmaq fürsəti qazandırır.
Xəzər İnşaat Həftəsinin işgüzar proqramında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair tədbirlər planı üzrə panel müzakirələri, ikitərəfli biznes görüşləri (B2B), Qarabağ Dirçəliş Fondu və “Caspian Event Organisers” şirkətinin birgə təşkilatçılığı ilə Ağdamda xüsusi sessiyanın təşkili və digər tədbirlərin keçirilməsi planlaşdırılır.
Sərgilər İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Memarlar İttifaqı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Avtomobil Yolları Dövlət Agentliyi və Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənib. “BakuBuild” sərgisi üzrə qeydiyyat sponsoru qismində NB Group (Corella brendi) çıxış edir.
Xəzər İnşaat Həftəsinin təşkilatçıları “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management”, “ICA Events” şirkətləridir.
Ətraflı məlumatı sərgilərə aid sosial şəbəkə hesablarından və rəsmi internet saytlarından əldə etmək mümkündür: www.rebuildkarabakh.az, www.bakubuild.azwww.aquatherm.azwww.roadtraffic.az.

İqtisadiyyat 2023-08-24 14:12:00