×
A
A
A
Sazlamalar

Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu layihəsinin gələn ilin sonuna kimi yekunlaşması nəzərdə tutulub

Bakı, 19 oktyabr, AZƏRTAC

Bərdə-Ağdam dəmir yolu xəttində layihələndirmə və tikinti işlərinə Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən başlanılıb. Ox üzrə uzunluğu 47,1 kilometr olan bu dəmir yolu tək xətlidir və tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Natəvan Bayramova “Rebuild Karabakh” - II Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində deyib.
O bildirib ki, layihə çərçivəsində ümumilikdə 133 süni mühəndis qurğusunun, 4 stansiyanın (Bərdə, Köçərli, Təzəkənd və Ağdam) və 34 yoldəyişən qurğunun tikintisi planlaşdırılır. Hazırda tikinti üzrə tərəqqi 58 faiz təşkil edir.
“Təməli Prezident İlham Əliyev tərəfindən 2021-ci il fevralın 14-də qoyulmuş, ox üzrə uzunluğu 110,4 kilometr təşkil edən Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir. Dəmir yolu xəttinin trassası 9 stansiyadan (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) ibarət olacaq. Layihə çərçivəsində ümumilikdə 453 süni mühəndis qurğusunun, o cümlədən və 70 yoldəyişən qurğunun tikintisi planlaşdırılır. Hazırda 62-71 kilometr aralığında torpaq işləri və süni qurğuların tikintisi işləri davam edir.
Hər iki layihənin 2023-cü ilin sonuna kimi tamamlanması nəzərdə tutulur”, - deyə N.Bayramova vurğulayıb.

Nəqliyyat 2022-10-19 14:08:00