×
A
A
A
Sazlamalar

Portuqaliyalı alimlər istifadədə olmuş şinlərin rezinindən superizolyasiya materialı yaradıblar

Lissabon, 17 oktyabr, AZƏRTAC

Koimbr Universitetindən (Universidade de Coimbra / UC) olan bir qrup tədqiqatçı silisium oksidindən və kauçukdan aerogel yaradıblar. Bu aerogel ekoloji və daha qənaətli superizolyasiya materialıdır.
AZƏRTAC xəbər verir ki, Avropada hər il təqribən 350 milyon şin buraxılmasını və əla istilik izolyatoru olan aerogellərin çox baha başa gəlməsini nəzərə alan alimlər təkrar xammaldan belə bir material yaratmağa çalışırdı.
Son dörd il ərzində aparılmış tədqiqat bir neçə mərhələdən ibarət olub. Tədqiqatın rəhbəri Paula Santosun sözlərinə görə, istifadədə olmuş şinlərin rezinindən hazırlanan yeni material çox sərfəlidir. Yüksək termik və kimyəvi davamlılığı ilə fərqlənən yeni aerogel çirkab suların yağ və üzvi həlledicilər kimi müxtəlif çirkləndirici maddələrdən təmizlənməsi üçün də tətbiq edilə bilər.
Yeni texnologiya milli və beynəlxalq patentləmə sistemlərinə təqdim edilib.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon

Texnologiya 2022-10-17 16:30:00