×
A
A
A
Sazlamalar

Azad olunmuş ərazilərdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir VİDEO

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad olunmuş ərazilərimizdə mühəndis işləri davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan təmizlənir, mürəkkəb relyefli, o cümlədən çətin keçilən dağlıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə yeni təminat yolları çəkilir.
Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə bu ilin oktyabr ayı ərzində 50 kilometrdən çox, ümumilikdə işğaldan azad edilmiş ərazilərdə bu günədək 1078 kilometrdən artıq yeni təminat yolları çəkilib. Bundan başqa yeni çəkilən təminat yollarına oktyabr ayı ərzində 81 ədəd, ümumilikdə isə 1796 ədəd yol tanıtma nişanları quraşdırılıb.
Azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində oktyabrın 1-dən bu günədək olan müddət ərzində 550 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 27960 hektardan çox ərazi minalardan təmizlənib. Ümumilikdə 9726 ədəd piyada əleyhinə, 2485 ədəd tank əleyhinə və 10316 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Azad olunan ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.

 

Ordu 2022-10-15 11:08:00

Video