×
A
A
A
Sazlamalar

Ölkəmizin hərbi potensialının güclənməsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun böyük rolu var

Naxçıvan, 27 sentyabr, Rauf Kəngərli, AZƏRTAC
Ölkəmizdə olduğu kimi, onun Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğu prosesi davamlı xarakter alıb. Muxtar respublikada yerləşən hərbi birləşmələrimizdə şəxsi heyətin döyüş və mənəvi hazırlığı diqqətdə saxlanılır, hər il yeni əsgəri-məişət-yaşayış kompleksləri tikilir, hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Təsadüfi deyil ki, ötən dövrdə muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Həmçinin xalq-ordu birliyi özünün ən yüksək səviyyəsinə çatıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbovun mütəmadi olaraq sərhəd bölgələrindəki hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin qayğıları ilə yaxından maraqlanması şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə onlarda vətənpərvərlik hissinin daha da güclənməsinə səbəb olub.
Ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir ki, Əlahiddə Ümumqoşun Ordu 2017-ci və 2018-ci illərdə döyüş və ictimai-siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülüb. 2017-ci il oktyabrın 18-də muxtar respublikada ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən möhtəşəm hərbi parad ordumuzun Naxçıvanda yerləşən hissələrinin gücünü hər kəsə nümayiş etdirib. 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun 26 il işğal altında olan Şərur rayonunun Günnüt kəndini və 11 min hektar ərazini azad edərək mühüm strateji üstünlüklərə yiyələnməsi isə böyük Zəfərə gedən yolun başlanğıcı olub.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə kimi ötən il mayın 10-da - ulu öndər Heydər Əliyevin doğum günündə Naxçıvana gəlib, muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərlə bir daha yaxından tanış olub, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, hərbi aerodromun açılışında iştirak edib. Torpaqlarımızın işğaldan azad olunmasında Əlahiddə Ümumqoşun Ordunun uğurlarına toxunan dövlət başçısı deyib: “İkinci Qarabağ müharibəsində Naxçıvan ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda, mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.
Təbii ki, heç bir müharibə itkisiz olmur. Bu savaşda da Azərbaycanımızın mərd, igid oğulları Vətən torpaqlarının azad olunması yolunda şəhidlik zirvəsinə yüksəlib, kimisi ömürlük qazi adını qazanıb. Muxtar respublikanın mərkəzi mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin şöbə müdiri, tədqiqatçı-jurnalist Səbuhi Həsənov AZƏRTAC-ın Naxçıvan bürosuna bildirib ki, müharibə başlayandan bir neçə gün sonra - oktyabrın 1-də Naxçıvan ilk şəhidlərini qarşılayıb. Muxtar respublikanın hava limanında minlərlə naxçıvanlı ilə bərabər Ali Məclis Sədrinin də şəhidləri şəxsən qarşılaması onların ailələrinə göstərilən ehtiram əsl vətənpərvərliyin, dövlət-ordu-xalq birliyinin sarsılmaz nümunəsi idi. Eləcə də şəhidlərin dəfn və yas mərasimlərinin müvafiq dövlət qurumları nümayəndələrinin və əhali tərəfindən mütəşəkkilliklə həyata keçirilməsi bu həmrəyliyi daha da möhtəşəm edirdi.
“Digər tərəfdən, ötən dövrdə muxtar respublikada şəhid ailələrinə, qazilərə, hərtərəfli dövlət dəstəyi göstərilib və bu dəstək hazırda da davam etdirilir”, - deyən Səbuhi Həsənov diqqətə çatdırıb ki, müharibədə iştirak etmiş hərbi qulluqçuların şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, onlar müxtəlif adlara layiq görülüb, orden və medallarla təltif edilib, mənzil və avtomobillərlə təmin olunublar.
Tədqiqatçı-jurnalist vurğulayıb ki, dövlətimizin başçısının 2021-ci il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etməsi dövlətimiz üçün qəhrəman oğullarımızın xatirəsinin hər şeydən üstün olduğunu bir daha göstərdi. Bu gün Naxçıvan şəhərinin Heydər Əliyev prospektində Vətən müharibəsi iştirakçılarının şərəfinə salınan və ümumi sahəsi 6400 kvadratmetr olan Zəfər Parkı da bunun sübutudur.

 

Regionlar 2022-09-27 13:46:00