×
A
A
A
Sazlamalar

Təhsilə aid beynəlxalq forumunda UNESCO-nun Baş direktorunun müavini açılış nitqi ilə çıxış edəcək

Bakı, 26 sentyabr, AZƏRTAC

Noyabrın 5-də keçiriləcək Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunda UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini xanım Stefania Giannini açılış nitqi ilə çıxış edəcək.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, Stefania Giannini İtaliya Respublikasının senatoru, İtaliyanın Perugia Əcnəbilər Universitetində ilk və ən gənc xanım rektoru olmaqla yanaşı, təhsil, universitetlər və tədqiqatlar naziri vəzifələrində çalışıb, Avropa Komissiyasında tədqiqat və innovasiyalar üzrə məsləhətçi olub.
Stefania Giannini BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri “Təhsil 2030 Gündəliyi”nin koordinasiyası və monitorinqi prosesinə, Çoxtərəfli Təhsil Platformasının yaradılması da daxil olmaqla, bir çox tərəfdaşlığa liderlik edir. Onun fəaliyyəti nəticəsində öyrənənlərə XXI əsr bacarıqlarının aşılanması üzrə təhsilin etik roluna diqqət qlobal səviyyədə artıb, Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün universitetlərin məsuliyyətinə diqqət çəkilib, təhsil, mədəniyyət, sosial və təbiət elmləri arasında daha sıx əlaqələr yaranıb.
Xatırladaq ki, beynəlxalq forumda iştirak ödənişsizdir. Arzu edənlərə beynəlxalq sertifikat veriləcək.

Elm və təhsil 2022-09-26 17:08:00