×
A
A
A
Sazlamalar

Azərbaycanda “Code For Future” layihəsi genişləndirilir

Bakı, 19 sentyabr, AZƏRTAC

2022-2023-cü tədris ilində Elm və Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi tərəfindən başladılan “Code For Future” informasiya texnologiyaları təhsil layihəsinin genişləndirilməsi planlaşdırılır.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi tələbələrə “junior” mütəxəssislər səviyyəsində informasiya texnologiyaları peşələrinin öyrədilməsidir.
Pilot mərhələsi uğurla başa çatan layihə yeni tədris ilində “Code For Future” Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kursların 600 tələbəsini əhatə edəcək. Təlim “Web-tərtibatçı”, “Sistem inzibatçısı”, “QA mühəndisi” ixtisasları üzrə keçiriləcək.
Qeyd edək ki, keçən il layihənin pilot mərhələsində ADNSU-nun texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kursların 298 tələbəsindən 259-u “Web-tərtibatçı” və “Sistem inzibatçısı” istiqamətləri üzrə 3 aylıq kursları uğurla bitirib.

Texnologiya 2022-09-19 12:07:00