×
A
A
A
Sazlamalar

Piyada gəzmək depressiya ilə mübarizə aparmağa kömək edir

Bakı, 6 sentyabr, AZƏRTAC

Həkimlərin fikrinə görə, hipodinamiya yəni hərəkətsizlik müasir insanların ən böyük bəlasıdır. Məhz hipodinamiya bir çox xəstəliklərin inkişafına təkan verir. Azhərəkətli insanın bədənində mübadilə prosesləri, qan dövranı zəifləyir, durğunluq prosesləri yaranır.
AZƏRTAC Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, azhərəkətlilik müxtəlif xəstəliklərin inkişafını sürətləndirir və piylənməyə gətirib çıxarır.
İdmanla məşğul olmaq üçün vaxt və vəsait lazımdır. Bu isə bəzən çətin olur. Belə vəziyyətdə ən yaxşı çıxış yolu piyada gəzməkdir. Piyada gəzintilər insandan nə əlavə vaxt, nə də pul tələb edir və bununla yanaşı insan sağlamlığına çox böyük xeyir gətirir.
Yerimə qaçışla müqayisədə onurğanı, oynaqları daha az yükləyir. Eyni zamanda sümükləri möhkəmləndirir, osteoporozun yəni yaşlı insanlarda sümüklərin kövrək olması probleminin inkişafının qarşısını alır.
Müalicəvi yerimə ürək-damar, tənəffüs sisteminə çox müsbət təsir edir, infarkt və insult kimi ağır pozulmaların riskini azaldır, arıqlamağa kömək edir, əzələləri möhkəmləndirir. Eyni zamanda, piyada gəzintilər insanın əhvalını yaxşılaşdırır, stres və depressiya ilə mübarizə aparmağa kömək edir.

 

Sağlamlıq klubu 2022-09-06 15:49:00