×
A
A
A
Sazlamalar

U-17 dünya çempionatında uğurlu çıxış edən çimərlik güləşi üzrə millimiz Vətənə qayıdıb

Bakı, 4 sentyabr, AZƏRTAC

Rumıniyanın Konstansa şəhərində keçirilmiş U-17 dünya çempionatında uğurlu çıxış edən çimərlik güləşi üzrə millimiz bu gün Vətənə qayıdıb.
AZƏRTAC xəbər verir ki, 4 qızıl medal qazanan və 100 xalla komanda hesabında dünya çempionu olan yığmamızın üzvlərini Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər və idmançılar qarşılayıblar.
Millimizin məşqçisi Ağahüseyn Mustafayev bildirib ki, komandanın çıxışı göz qabağındadır. Yarışa çox yaxşı hazırlaşmışdıq. Bu yarışda güləşçilərimiz öz güclərini göstərdilər, qələbə qazandılar. Komanda hesabında birinci yeri tutduq. Federasiyamızı və hər bir məşqçini təbrik edirəm.
Dünya çempionu Hüseyn Sevdimov deyib: “Yarış bizim üçün çox uğurlu keçdi. Hamımız dünya çempionu olduq. Üzərimizdə əziyyəti olan bütün məşqçilərə, baş məşqçimiz Oyan Nəzəriani və məşqçimiz Ağahüseyn Mustafayev olmaqla, federasiya rəsmilərinə minnətdarlığımızı bildiririk. Hər şeyə görə çox sağ olun”.
Əvvəlcə Avropa, indi isə dünya çempionu olduqlarını vurğulayan qitə birinciliyinin qalibi Anar Cəfərli sevincini belə bölüşüb: “Federasiya rəhbərliyinə, yığmanın məşqçilərinə və öz məşqçilərimə təşəkkürümü bildirirəm. Rəqiblərim Avropa və dünya çempionatında iştirak etmiş güləşçilər idi. Qrup mərhələsində yalnız ABŞ idmançısı ilə görüşdə çətinlik çəkdim. 3:2 hesabı ilə qalib gəldim. Yarımfinalda yenidən onunla qarşılaşdım və 3:0 hesabı ilə uddum. Finalda Moldova güləşçisi ilə gərgin keçən qarşılaşmada 3:1 hesabı ilə qələbə qazandım”.
Yarışa yaxşı hazırlaşdıqlarını bildirən dünya çempionu Vüsal Əliyev bildirib ki, gözəl nəticə əldə ediblər: “Şükür Allaha, əziyyətimiz yerdə qalmadı. Dördümüz də çempion olduq. Yarımfinalda Avropa çempionu olmuş Bolqarıstan güləşçisinə qalib gəldim. Finalda isə Yunanıstan idmançısını məğlub edib qızıl medal qazandım”.
Keçdikləri məşqlərə əsasən belə uğurlu nəticəni gözlədiklərini deyən qitə birinciliyinin qızıl mükafatçısı Ziya Göyüşov bildirib ki, hamımız çempion olmağa getmişdik. Belə də oldu. Demək olar ki, hamı bizi orada tanıyırdı. Bizə qarşı xoş münasibət var idi.

İdman 2022-09-04 17:13:00