×
A
A
A
Sazlamalar

Azərbaycan Cüdo Federasiyası uşaqlar və gənclər üçün ustad dərsi təşkil edib

Bakı, 4 sentyabr, AZƏRTAC

Azərbaycanda cüdonun 50 illiyi münasibətilə paytaxt Bakıda Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ustad dərsi təşkil olunub.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin açılışında ACF-nin vitse-prezidenti Elnur Məmmədli çıxış edərək Azərbaycanda cüdonun kütləviləşdirilməsi ilə gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə verilməsinin əsas məqsədlərdən biri olduğunu deyib. Bakı sakinlərini cüdo ilə məşğul olmağa səsləyən vitse-prezident qeyd edib ki, cüdo dərin dəyərlərə malik idman növüdür və bu idman növündə uşaqların qüsursuz nizam-intizama sahib olması ən vacib amillərdəndir.
Sonra ustad dərsi çərçivəsində federasiya prezidentinin müşaviri Natiq Bağırov, tanınmış cüdoçularımız Rüstəm Orucov, Orxan Səfərov və Səid Mollayi müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsini uşaqlara və gənclərə nümayiş etdiriblər, sakinlərlə səmimi söhbət aparıblar və cüdo ilə məşğul olmağa çağırıblar. Onlar iştirakçılara cüdonun fəlsəfəsi, mahiyyəti və kəmər bağlamaq qaydaları haqqında geniş məlumat veriblər. Praktik cüdo fəndlərinə maraq göstərən Bakı sakinləri, uşaqlar və yeniyetmələr tatamiyə dəvət olunub və onlar müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar.
Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil edilib, cüdo idman növü üzrə müxtəlif suallar verilib və düzgün cavab verən şəxslərə hədiyyələr təqdim olunub.

İdman 2022-09-04 13:58:00