×
A
A
A
Sazlamalar

Ozonoterapiya qeyri-ənənəvi müalicə üsullarından biridir

Bakı, 23 avqust, AZƏRTAC

Ozonoterapiya qeyri-ənənəvi müalicə üsullarından biridir və ozonun yüksək oksidləşdirici və katalitik xüsusiyyətlərindən geniş istifadə etməyə imkan verir. Ozonoterapiya zamanı toxumaların oksigen təminatı artır, mikrosirkulyasiya yaxşılaşır, yeni damar və kapilyarlar qan dövranına qoşulur, qanyaranma sürətlənir, orqanizmin immun sistemi aktivləşir. Bundan başqa ozonun bakteriya və virus əleyhinə təsirləri var. Antiseptiklərdən fərqli olaraq ozonun toxumalara qıcıqlandırıcı və dağıdıcı təsir göstərməməsi orqanizmin antioksidant sistemlərə malik olması ilə əlaqələndirilir.
Həkim-fitoterapevt Elnur Eldaroğlu bu barədə AZƏRTAC-a deyib: “Ozonoterapiya qanı oksigenlə zənginləşdirir. Adi halda venoz qanla oksigenin parsial təzyiqi 40 millimetr civə sütunu təşkil edir. Aparılan təcrübələr zamanı müəyyən olunub ki, ozonoterapiyadan sonra oksigenin parsial təzyiqi 20 millimetr civə sütununa enir. Nəticədə oksigenin daha çox hissəsi toxumalara keçir. Heç bir dərman maddəsi ilə həmin effekti əldə etmək mümkün deyil. Məhlul 20 dəqiqə ozonlaşdırıldıqdan sonra 10-15 dəqiqə ərzində vena daxilinə köçürülür. Müalicə kursu 5-12 dəfə, gündəlik və ya günaşırı aparılır”.
Ozon-oksigen qarışığının dərialtı piy qatına yeridilməsi yerli olaraq piy toxumasının parçalanmasına və beləliklə, arıqlamağa, sellülitdən azad olmağa şərait yaradır. Həkim-fitoterapevtin dediyinə görə, müasir estetik təbabətin ən aktual problemlərindən biri sellülitin müalicəsidir. Ozonoterapiya bu sahədə ən yaxşı üsullardan sayılır. Lakin ozonoterapiyadan tibbin ən müxtəlif sahələrində - cərrahiyyədə, endokrinologiya, oftalmologiya, urologiya, mama-ginekologiya, dermatologiya, nevrologiya və s. sahələrdə də istifadə edilir.

Sağlamlıq klubu 2022-08-23 14:28:00